...

Azərbaycan seysmoloqlarından ABŞ mütəxəssislərinə cavab: Bakı ərazisində zəlzələ ocaqları yoxdur

Cəmiyyət Materials 15 İyun 2012 14:26 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) ABŞ-ın Massaçuset Texnologiya İnstitutunun Bakıda əhəmiyyətli dərəcədə seysmik təzyiqin toplanılması və bu səbəbdən burada güclü zəlzələlərin gözlənilməsi ilə bağlı yaydığı məlumatlara münasibət bildirib.
Azərbaycan seysmoloqlarından ABŞ mütəxəssislərinə cavab:  Bakı ərazisində zəlzələ ocaqları yoxdur

Azərbaycan, Bakı, 15 iyun /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) A-ın Massaçuset Texnologiya İnstitutunun Bakıda əhəmiyyətli dərəcədə seysmik təzyiqin toplanılması və bu səbəbdən burada güclü zəlzələlərin gözlənilməsi ilə bağlı yaydığı məlumatlara münasibət bildirib. RSXM-nin Seysmoloji və geodinamik tədqiqatlar şöbəsinin müdiri Tahir Məmmədli cümə günü Trend-ə müsahibəsində qeyd edilən institutun bu məlumatlarını real saymayıb.

O bildirib ki, Bakı seysmik baxımdan çox təhlükəli zona olsa da, birbaşa Bakı və Abşeron rayonu ərazisində zəlzələnin baş verməsi üçün heç bir şərait yoxdur. Bakı və Abşeron üçün zəlzələ təhlükəsi yalnız Xəzər dənizindən gözlənilir. Ona görə də həmin institutun məlumatı həqiqətə uyğun ola bilməz.

İnstitutun əməkdaşlarının Azərbaycan mütəxəssisləri ilə birgə tədqiqat aparmasından xəbərsiz olduğunu deyən Məmmədlinin sözlərinə görə, birbaşa Bakı və Abşeronda heç vaxt güclü zəlzələ olmayıb və olmayacaq da. Bu ərazilərdə zəlzələ ocaqları yoxdur.

O indiyədək aparılmış hesablamalara istindən bildirib ki, hazırkı seysmik rayonlaşdırma xəritəsinə görə, Xəzər dənizində baş vermiş zəlzələ nəticəsində Bakıda 8 ballıq təkanlar hiss edilə bilər. Amma zəlzələ yaxında olsa, onda Bakıda bu təkanlar 9 bal ola bilər. Çünki məsafədən asılı olaraq, seysmik intensivlik sönür.

Məmmədli deyib ki, bundan əlavə, yerli mühəndisi geoloji şərait də zəlzələnin gücünə 1 bal artım verə bilər.

"Bakıda elə yerlər var ki, orada qrunt şəraiti daha pisdir və yeraltı sular yer səthinə daha yaxındır. Bun görə də bu amillər 1 bal da artım verir. Yəni ki, fon səviyyəsi 8 olduğu halda, yerli, yəni qrunt şəraiti onu bir qədər də artırır. Xüsusilə də sahildə, bulvara yaxın ərazilərdə, Səbael, Nəsimi rayonunda, Xətai rayonunun bəzi yerlərində zəlzələnin 9 bala qədər hiss oluna bilən sahələri var",- Məmmədli deyib.

O deyib ki, Bakıda sovet dövründə tikilmiş binalar 6-7 bal gücünə hesablanıb. Çünki o vaxt-1978-ci ilədək alimlər hesab edirdilər ki, Bakıda 6 bala qədər zəlzələ ola bilər. 1978-ci ildən sonra isə bunun 7 bal ola bilməsini açıqlayıblar. İndi isə məlum olur ki, Bakıda 8 bal gücündə zəlzələ ola bilər.

Məmmədli deyib ki, həmin illərdə seysmoloq alimlərin tədqiqatlarının nəticələrinə uyğun olaraq, Bakıda 7 bala uyğun binalar tikilib. Ona görə də Bakıda 8 bal gücündə zəlzələ olarsa, həmin binalar təhlükəyə məruz qalacaqlar. Bakı seysmik baxımdan çox təhlükəli zonadır. Sadəcə, onun mənbəyi Xəzər dənizindədir.

"Azərbaycanda necə bal gücündə zəlzələnin ola biləcəyini azərbaycanlı mütəxəssislər özləri müəyyənləşdiriblər. Onlardan biri də mənəm. Mən deyirəm ki, Şamaxı-İsmayıllı-Qəbələ zonasında 10 bal gücündə zəlzələ ola bilər. İndiyə qədər belə deyilmirdi. Hazırda 8 ballıq zona hesab edilən Lənkəranda 9 bal gücündə zəlzələ ola bilər. Yəni bu dəyişikliyi Azərbaycan alimləri özləri deyiblər", - seysmoloq əlavə edib.

Qeyd edək ki, ABŞ-ın Massaçuset Texnologiya İnstitutunun yaydığı yeni məlumata görə, Bakı ərazisində güclü zəlzələlər ola bilər. Amma onlar bu zəlzələlərin nə zaman və konkret olaraq, harada ola biləcəyini açıqlamayıblar. Alimlər bu nəticələrə son 10 il ərzində apardığı tədqiqatlardan sonra gəldiklərini bildiriblər.

Xəbər lenti

Xəbər lenti