...

Azərbaycanda anomal seysmik proseslərin başlanmasını aşkarlamaq mümkün olacaq

Cəmiyyət Materials 25 İyun 2012 11:57 (UTC +04:00)
Azərbaycanda ümumilikdə zəlzələlərin ilkin hazırlıq dövrünün, yəni anomal seysmik proseslərin (ASP) başlanmasını aşkar etməyə və onun monitorinqini həyata keçirməyə imkan verən 6 stansiyanın quraşdırılması planlaşdırılır.
Azərbaycanda anomal seysmik proseslərin başlanmasını aşkarlamaq mümkün olacaq

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda ümumilikdə zəlzələlərin ilkin hazırlıq dövrünün, yəni anomal seysmik proseslərin (ASP) başlanmasını aşkar etməyə və onun monitorinqini həyata keçirməyə imkan verən 6 stansiyanın quraşdırılması planlaşdırılır.

Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunun direktoru Telman Əliyev bazar ertəsi Trend-ə deyib ki, anomal seysmik proseslərin Robast-Noise monitorinq stansiyaları Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə həyata keçirilən layihə çərçivəsində quraşdırılır.

Onun sözlərinə görə, bu stansiyalar zəlzələlərin proqnozlaşdırılması üçün deyil, yalnız zəlzələlərin ilkin hazırlıq dövrünün, yəni ASP-nin başlanmasının monitorinqi üçün nəzərdə tutulub.

"Hər bir anomal seysmik proses zəlzələni qabaqlayır. Bunu monitorinq etməklə biz müəyyən məlumat alırıq. Amma bu, zəlzələnin proqnozu demək deyil", - Əliyev deyib.

O qeyd edib ki, artıq ölkədə 4 belə eksperimental stansiya quraşdırılıb. Onların birincisi 2010-cu il iyulun 1-dən Xəzər dənizində Qum adasında fəaliyyət göstərir. Qalan stansiyalar Şirvan, Siyəzən, Naftalanda qurulub. Sayca beşinci olan stansiyanın Neftçalada quraşdırılmasına başlanılıb. 6-cı stansiyasının isə Naxçıvanda quraşdırılması planlaşdırılır.

Əliyev deyib ki, stansiyalarda neft quyularının boruları 3-6 km dərinlikdə çevrilmiş antenna kimi istifadə olunur və hidrofon vasitəsilə 300-500 km radiusda seysmoakustik dalğalar qəbul edilir. Hər bir stansiya zəlzələdən 10-20 saat əvvəl 300-500 km radiusunda 100 faiz etibarlılıqla ASP monitorinqini həyata keçirir. Lakin onların hər biri ayrı-ayrılıqda ASP ocağının koordinatlarını təyin etməyə imkan vermir.

İnstitut direktorunun sözlərinə görə, anomal seysmik proseslərin ocağının koordinatlarının təyin edilməsi üçün dörd və daha çox stansiyadan alınan seysmoakustik siqnalların sinxron analizinin aparılması lazımdır. Bunu nəzərə alaraq, anomal seysmik proseslərin ocağının koordinatlarını təyin etməyə imkan verən sistem, model və texnologiyalar yaradılıb.

"Stansiyalar ayrı-ayrılıqda işləyirlər, yaxşı da nəticələr alırıq. Amma stansiyalar ayrı-ayrılıqda yalnız anomal seysmik prosesləri tuturlar. Bu anomal seysmik proseslərin koordinatlarını, harda olmasını bilmək üçün isə bütün stansiyalardan məlumatlar sinxron olaraq, peyk vasitəsilə qəbul olunmalı, sonra analiz edilməli və s. işlər görülməlidir. Məlumatlar sinxron peykə, peykdən serverə verilməli, daha sonra sinxron analiz olunmalıdır. Artıq bunları yalnız RİTN bacara bilər. Yəqin ki, onlar bizim bu eksperimentlərdən sonra bu işə başlaya bilərlər. Bu isə asan məsələ deyil", - institut direktoru əlavə edib.

Xəbər lenti

Xəbər lenti