...

Azərbaycanda "döymə" cinayət əməli yox, inzibati xəta hesab olundu

Cəmiyyət Materials 29 İyun 2012 13:36 (UTC +04:00)
Azərbaycanda işgəncə vermə cinayətinin adı dəyişdirilib, "döymə" maddəsi Cinayət Məcəlləsindən çıxarılaraq İnzibati Xətalar Məcəlləsinə daxil edilib.
Azərbaycanda "döymə" cinayət əməli yox, inzibati xəta hesab olundu

Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir M.Əliyev/

Azərbaycanda işgəncə vermə cinayətinin adı dəyişdirilib, "döymə" maddəsi Cinayət Məcəlləsindən çıxarılaraq İnzibati Xətalar Məcəlləsinə daxil edilib.

Trend-in məlumatına görə, Azərbaycan Milli Məclisinin cümə günü yaz sessiyasının sonuncu növbədənkənar iclasında qəbul edilən Cinayət Məcəlləsinə olunan əlavə və dəyişikliklərə əsasən, İşgəncə vermə adlı 133-cü maddənin adı dəyişdirilərək "əzab vermə" adlandırılıb.

Dəyişiklik barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. O bildirib ki, bu dəyişikliklər Azərbaycan Cinayət Məcəlləsini BMT-nin işgəncələrə qarşı mübarizə konvensiyasına uyğunlaşdırılmasına yönəlib.

133-cü maddəyə görə nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası azaldılaraq 3 ildən 2 ilə endirilib.

Ağırlaşdırıcı hallarda həmin cinayətə görə nəzərdə tutulan cəzanın da aşağı və yuxarı həddi azaldılıb. Belə ki, ağırlaşdırıcı hallarda bu cinayətə görə 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulurdusa, hazırda bu müddət 2 ildən 5 ilədək müəyyən olunub.

Həmin cinayət işgəncə verməklə törədildikdə də 2 ildən 5 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. 133.3-cü maddə isə ləğv edilib.

133.3-cü maddədə qeyd olunurdu ki, yuxarıda qeyd olunan əməllər şəxsdən məlumat almaq və ya onu etirafa məcbur etmək, yaxud törətdiyi və ya törədilməsində şübhə doğurduğu əmələ görə həmin şəxsi cəzalandırmaq məqsədi ilə öz qulluq mövqeyindən istifadə etməklə vəzifəli şəxs tərəfindən və ya onun təhriki ilə törədildikdə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Cinayət Məcəlləsinə işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəzaya görə xüsusi maddə əlavə edilib.

Həmin maddə xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar dövlət orqanının vəzifəli şəxsi və ya bu qisimdə çıxış edən digər şəxs tərəfindən, yaxud onun təhriki və razılığı ilə, yaxud o, xəbərdar olduğu halda başqa şəxslər tərəfindən şəxs qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəzaya məruz qaldığı halda tətbiq olunur.

Bu cinayət əməlinə görə isə 3 min manatdan 4 min manatadək cərimə, 3 ilədək müddətə vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrumetmə nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti