...

Allahşükür Paşazadə azanların müxtəlif vaxtlarda verilməsindən narahatdır

Cəmiyyət Materials 17 İyul 2012 12:04 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam hacı Allahşükür Paşazadə Azərbaycanda azanların müxtəlif vaxtlarda verilməsindən narahatlığını bildirib.
Allahşükür Paşazadə azanların müxtəlif vaxtlarda verilməsindən narahatdır

Azərbaycan, Bakı, 17 iyul /Trend, müxbir M.Əliyev/

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam hacı Allahşükür Paşazadə Azərbaycanda azanların müxtəlif vaxtlarda verilməsindən narahatlığını bildirib.

"Hesablamalara əsasən, müxtəlif təriqətlərə görə namaz vaxtlarında 12 dəqiqəyədək fərq olur. Biz həm sünnilərin, həm də şiələrin namaz vaxtlarından 5-6 dəqiqə bir-birinə yaxınlaşdırdıq və beləliklə azan eyni vaxtda veriləcək. Xahiş edirəm ki, buna riayət edilsin. Bu, tək dini deyil, həm də elmi məsələdir", - Trend-in məlumatına görə, Paşazadə Ramazan ayının başlanması ilə əlaqədar Qazılar Şurasının toplantısında deyib.

Şeyxülislam sünnilik və şiəliyin bir-birinə düşmən deyil, İslamın elmi cəhətdən bir-birindən fərqlənən məzhəbləri olduğunu vurğulayıb.

QMİ sədri bildirib ki, postsovet ölkələrindən yalnız Azərbaycanda Ramazan bayramı iki gün qeyd olunur.

"Bu da onun üçün edilir ki, heç bir təriqətin nümayəndəsi narazı qalmasın", - o deyib.

Paşazadə qeyd edib ki, QMİ ilə Dini Qurumlar üzrə Dövlət Komitəsi ictimaiyyətə dinin düzgün çatdırılması istiqamətində birgə fəaliyyət göstərəcək.

Dini Qurumlar üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov tədbirdə bildirib ki, Ramazan ayı insanların öz nəfsinə qalib gəlməsi kimi səciyyələnir.

Komitə sədri qeyd edib ki, Ramazan ayı dinin düzgün təbliğatı üçün ən gözəl vaxtdır.

Xəbər lenti

Xəbər lenti