...

Azərbaycan telekanallarında yenilik tətbiq ediləcək

Cəmiyyət Materials 26 İyul 2012 11:40 (UTC +04:00)
Azərbaycan telekanallarında yaxın zamanda danışma və eşitmə qabiliyyəti olmayan insanlar üçün surdotərcüməçilərin fəaliyyəti bərpa olunacaq.
Azərbaycan telekanallarında yenilik tətbiq ediləcək

Azərbaycan, Bakı, 26 iyul / Trend müxbir M.Əliyev/

Azərbaycan telekanallarında yaxın zamanda danışma və eşitmə qabiliyyəti olmayan insanlar üçün surdotərcüməçilərin fəaliyyəti bərpa olunacaq. Bu barədə cümə axşamı Trend-ə Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib.

Məhərrəmli bildirib ki, artıq İctimai Televiziyanın rəhbərliyi ilə xəbərlərin surdotərcüməçi vasitəsilə yayımlanması məsələsi danışılıb.

"İTV və Azərbaycan Dövlət Televiziyası surdotərcümə məsələsini həll etməlidirlər, bu, onların birbaşa borcudur", - Şura sədri deyib.

Onun sözlərinə görə, gündə ən azı bir dəfə - axşam xəbərləri surdotərcümə ilə verilməlidir.

"Bu məsələ hökmən yoluna qoyulacaq. Telekanallar könüllü şəkildə tətbiq etməsələr, buna məcbur ediləcəklər", - Məhərrəmli deyib.

Onun sözlərinə görə, özəl kanallara da tövsiyə xarakterli müraciətlər olunacaq.

Azərbaycan Dövlət Televiziyasında 1994-95-ci illərə qədər surdotərçüməçilər işləyirdi. Azərbaycanda 7 mindən artıq lal-kar qeydiyyatdadır. "İnformasiya əldə etmək haqqında" qanuna görə, hər kəsin informasiya almaq hüququ vardır.

Xəbər lenti

Xəbər lenti