Azərbaycan, Bakı, 3 avqust /Trend, müxbir M.Əliyev/
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda üçcildlik "Azərbaycan tarixi" nəşrində Azərbaycanın ötən əsrdəki tarixi ilə bağlı yeni faktlar açıqlanacaq. Bu barədə Trend-ə cümə günü Tarix İnstitutunun direktor müavini Cəbi Bəhrəmov bildirib.
Onun sözlərinə görə, çoxcildli "Azərbaycan tarixi" nəşrində "26 Bakı komissarı", Azərbaycanın 1920-ci ildə XI qızıl ordu tərəfindən işğalı, Azərbaycanın 1941-1945-ci il Böyük Vətən müharibəsində iştirakı məsələlərinə yenidən daha dəqiq faktlar əsasında baxılıb. O, həmçinin qeyd edib ki, əsərdə ötən əsrdə Ermənistana heç bir əsas olmadan torpaqların güzəştə gedilməsi barədə geniş məlumatlar öz əksini tapacaq.
"2003-cü ildə Azərbaycan tarixi ilə bağlı çoxcildlilik buraxılıb, lakin orada da çatışmayan cəhətlər var idi. İllər keçdikcə, xarici ölkələrin arxivləri açıldıqca, yeni mənbələr aşkar olunduqca tarixi məsələlərə yenidən baxılmasına şərait yaranıb. Ötən vaxt ərzində Türkiyə, Rusiya, İngiltərə, Hindistan və sair ölkələrdən arxiv materialları açılıb", - Bəhrəmov deyib.
Direktor müavini qeyd edib ki, "Azərbaycan tarixi" nəşrində əvvəllər imkan olmayan, nəzərdən qaçan məsələlər öz əksini tapacaq, sənədlərin hamısı yenidən analiz ediləcək.
Bəhrəmovun sözlərinə görə, Azərbaycan, rus və ingilis dillərində olacaq "Azərbaycan tarixi" nəşri ilə bağlı konsepsiya hazırlanıb, materiallar yazılması üçün artıq toplanılıb.
Bəhrəmov eyni zamanda qeyd edib ki, sovet dövründə də Azərbaycan tarixinin əsaslı şəkildə tədqiqi istiqamətində çox böyük işlər görülüb, arxeoloji qazıntılar aparılıb, numizmatika, etnoqrafika sahələri üzrə akademik məktəb yaradılıb, 1954-cü ildə Azərbaycan tarixi haqqında maket hazırlanıb, 1958-1963-cü illərdə üçcildlik "Azərbaycan tarixi" akademik nəşri olub.
"Lakin sovet sistemində Rusiyanın ümumi mənafeyinə xələl gəlməsin deyə, onun işğalçı olduğu deyil, "Azərbaycan torpaqlarını birləşdirdiyi" yazılıb. Maketdə Cənubi, Şimali Azərbaycan məsələlərinə toxunulub. Eyni zamanda, XIX əsr və digər dövrlərlə bağlı təhriflər olub. Xüsusilə, nəşrdə 1918-1920-ci illərdə qondarma 26-larla bağlı məsələ Sovet Rusiyasının mənafeyinə uyğun yazılmışdı", - o deyib.
Yeni üçcildlik "Azərbaycan tarixi"nin 1-ci cildi ən qədim zamanlardan XVIII əsrin 30-cu illərinədək olan dövrü, 2-ci cildi 1736-1917-ci illəri, 3-cü cildi isə 1918-2012-ci illəri əhatə edəcək. Kitabda ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə dair materiallar, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən böyük quruculuq-abadlıq işləri geniş işıqlandırılacaq.