Azərbaycan, Bakı, 14 avqust /Trend, müxbir E.Mehdiyev/
Bakının Binəqədi rayonunda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada baş verən yanğının fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
Hazırda yataqxananın bütün mərtəbələrində yanğına məruz qalmış 32 mənzilin hamısında təmir-bərpa işləri aparılır. Bu barədə Trend-ə Binəqədi rayon İcra Hakimiyyətinin Qaçqınlar və məcburi köçkünlərlə iş şöbəsinin müdiri Əzizağa Məmmədov deyib.
"Həmin işlərin 8-10 gün ərzində tamamlanması və məcburi köçkünlərin köçürülməsi nəzərdə tutulub. Yanmış otaqlar yüksək səviyyədə təmir olunaraq məcburi köçkünlərin istifadəsinə veriləcək", - Məmmədov bildirib.
O, həmçinin qeyd edib ki, hazırda evləri yanmış məcburi köçkünlər üçün salınan çadır şəhərciyində lazımi şərait yaradılıb. Məmmədovun sözlərinə görə, məcburi köçkünlər gündə üç dəfə yeməklə təmin olunurlar, şəhərçikdə soyuq su aparatları quraşdırılıb, tibb məntəqəsi fəaliyyət göstərir.
Qeyd edək ki, avqustun 1-də Bakının Binəqədi rayonunda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada güclü yanğın baş vermişdi. Yanğının söndürülməsinə Binəqədi və Nərimanov rayon yanğından mühafizə qarnizonu cəlb olunmuşdu.
Azərbaycan Nazirlər Kabineti yataqxananın yanması nəticəsində zərər çəkmiş məcburi köçkün ailələrinə maddi yardım göstərilməsi barədə qərar qəbul edib. Qərara əsasən tərkibi 1 nəfərdən ibarət olan ailəyə 1000 manat, tərkibi 2 nəfər olan ailəyə 1800 manat, tərkibi 3 və daha çox nəfərdən ibarət olan ailənin hər bir üzvünə isə 800 manat olmaqla birdəfəlik maddi yardım göstərilib.