...

Qroznıda küçələrdən birinə Şeyxülislam Allahşükür Paşazadənin adı verilib

Cəmiyyət Materials 31 Avqust 2012 15:24 (UTC +04:00)
Çeçenistanın paytaxtı Qroznı şəhərində Şeyxülislam Allahşükür Paşazadənin iştirakı ilə Rusiya Federasiyasının Həcc Şurasının və Rusiya Həcc missiyasının yaradılmasının 10 illiyinə həsr olunmuş iclas keçirilib.
Qroznıda küçələrdən birinə Şeyxülislam Allahşükür Paşazadənin adı verilib

Azərbaycan, Bakı, 31 avqust /Trend, müxbir İ.İsabalayeva/

Çeçenistanın paytaxtı Qroznı şəhərində Şeyxülislam Allahşükür Paşazadənin iştirakı ilə Rusiya Federasiyasının Həcc Şurasının və Rusiya Həcc missiyasının yaradılmasının 10 illiyinə həsr olunmuş iclas keçirilib.

Qafqaz Müsəlmanları İdarəsindən cümə günü Trend-ə verilən məlumata görə, iclasdan əvvəl Şeyxülislam Allahşükür Paşazadənin Çeçenistanın başçısı Ramzan Kadırovla qarşılıqlı maraq doğuran məsələlərin müzakirə edildiyi görüşü olub.

İclasda Çeçenistanın başçısı Ramzan Kadırov çıxışında Azərbaycanın, Qafqaz Müsəlmanları İdarəsinin və şəxsən onun sədri Şeyxülislam Allahşükür Paşazadənin rusiyalı dindarların Həcc səfərləri zamanı ölkə ərazisindən keçidlərinə yaratdıqları şəraitin vacib rolunu qeyd edib. Çeçenistan başçısı bu məsələdə Qafqaz müsəlmanlarının ruhani liderinin əvəzsiz xidmətlərinə görə onun "Çeçenistan Respublikasının ilk prezidenti Əhməd hacı Kadırovun 60 illik yubileyi" şərəfinə təsis edilmiş medalla təltif olunması barədə fərmanı oxuyub. O, həmçinin region xalqları arasında dostluğun möhkəmləndirilməsində, terrorçuluq, radikalizim və separatçılığa qarşı prinsipial mövqeyinə görə və Çeçenistan xalqının minnətdarlığının ifadəsi olaraq Qroznı şəhərinin küçələrindən birinin Şeyxülislam Allahşükür Paşazadənin şərəfinə adlandırılması barədə qərar qəbul edildiyini bəyan edib.

Rusiyanın Federal Məclisinin Federal Şurasının sədrinin müavini, Rusiya Həcc məsələləri üzrə səlahiyyətlisi İlyas Umaxanov deyib ki, Həcc missiyası müddətində 200 mindən artıq dindar İslamın müqəddəs ziyarətini yerinə yetirib. O, deyib ki, hər il 15 min zəvvar müqəddəs yerlərə Azərbaycan ərazisindən tranzit keçməklə səfər edib və hər dəfə də ölkə rəhbərliyinin, Qafqaz Müsəlmanları İdarəsinin və sadə vətəndaşların qayğı və diqqətlərini öz üzərilərində hiss ediblər. Bütün bunları nəzərə alaraq və Rusiya müsəlmanları ruhani idarələri ilə davamiyyətli və konstruktiv əməkdaşlığa görə Federasiya Şurasının rəhbərliyi Şeyxülislamı Fəxri fərmanla təltif etməyi qərara alıb.

Xəbər lenti

Xəbər lenti