...

Mehriban xanım Əliyeva: UNESCO-nun özəlliyi ondadır ki, bu təşkilat bütün dünya üçün hər zaman aktual olan təhsil, elm, mədəniyyət kimi sahələri diqqətdə saxlayır

Cəmiyyət Materials 4 Oktyabr 2012 18:39 (UTC +04:00)
Oktyarbın 4-də Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən UNESCO Baş Konfransının prezidenti, Macarıstanın UNESCO yanında daimi nümayəndəsi Katalin Boqyayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
Mehriban xanım Əliyeva: UNESCO-nun özəlliyi ondadır ki, bu təşkilat bütün dünya üçün hər zaman aktual olan təhsil, elm, mədəniyyət kimi sahələri diqqətdə saxlayır

Azərbaycan, Bakı, 4 oktyabr /Trend,/

Oktyarbın 4-də Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən UNESCO Baş Konfransının prezidenti, Macarıstanın UNESCO yanında daimi nümayəndəsi Katalin Boqyayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Böyük UNESCO ailəsinin üzvlərini Azərbaycanda görməkdən məmnun qaldığını deyən Mehriban xanım Əliyeva UNESCO-nun dünyanın ən mötəbər təşkilatlarından biri olduğunu vurğuladı.

Mehriban xanım Əliyeva İkinci Bakı Beynəlxalq Humanitar Forumunda müzakirə edilən məsələlər kontekstində UNESCO-nun rolunun vacibliyini bildirdi.

"Dünyada beynəlxalq təşkilatlar çoxdur. Onlar müxtəlif sahələrə dair məsələlərlə məşğuldur. Amma UNESCO-nun özəlliyi ondadır ki, bu təşkilat bütün dünya üçün hər zaman aktual olan təhsil, elm, mədəniyyət kimi sahələri diqqətdə saxlayır", - deyən Azərbaycanın birinci xanımı vurğuladı ki, UNESCO öz konkret işləri ilə bütün dünya üçün yaxşılıq edir.

Bu gün Azərbaycan ilə UNESCO arasında möhkəm əlaqələrin yaradıldığını deyən Mehriban xanım Əliyeva əminliklə qeyd etdi ki, gələcəkdə bu əməkdaşlıq daha da inkişaf edəcəkdir.
Xoşməramlı səfir Mehriban xanım Əliyeva qonaqların diqqətinə çatdırdı ki, Azərbaycan UNESCO çərçivəsində reallaşan görüşlərin keçirildiyi arenaya çevrilməyə hazırdır. Bugünkü dünyada qarşılıqlı əlaqələrin ən aktual məsələlərdən biri olduğunu vurğulayan Azərbaycanın birinci xanımı dedi ki, məhz bu mövzu İkinci Bakı Beynəlxalq Humanitar Forumunda da diqqət mərkəzində olan mühüm məsələlərdən biridir.

Azərbaycanda həm keçmişdə, həm də müasir dövrdə müxtəlif dinlərə, millətlərə hörmətlə yanaşıldığını, ölkəmizdə bütün xalqların sülh şəraitində yaşadığını vurğulayan birinci xanım Mehriban Əliyeva bu baxımdan Azərbaycanın bu sahədə model olmağa hazır olduğunu da qeyd etdi. "Ümidvaram ki, bu Forum bu sahədə yeni addım olacaq və qəbul edilən qərarlar kağız üzərində qalmayacaqdır", - deyən Mehriban xanım Əliyeva Forumun mədəniyyətlərarası dialoqa mühüm töhfə verəcəyini vurğuladı.

Birinci xanım Mehriban Əliyeva əminliyini bildirdi ki, Bakıya gələn qonaqlar ölkəmiz ilə daha yaxından tanış olduqdan sonra gələcəkdə də Azərbaycana səfər edəcəklər.
Dəvətə görə minnətdarlığını bildirən UNESCO Baş Konfransının prezidenti Katalin Boqyay Forumun gözəl nəticələr verəcəyinə əminliyini bildirdi. Azərbaycanın dinamik inkişafını yüksək qiymətləndirən qonaq ölkəmizdə adət-ənənələrin qorunub-saxlanıldığını xüsusi vurğuladı.

Sonda xatirə şəkli çəkdirildi.

Xəbər lenti

Xəbər lenti