...

Avropa Şurası və Avropa İttifaqı ölüm cəzası ilə bağlı bəyanat yayıb

Cəmiyyət Materials 10 Oktyabr 2012 11:57 (UTC +04:00)
Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton 10 oktyabr - Ölüm Cəzasına qarşı Avropa və Beynəlxalq Mübarizə Günü ilə əlaqədar birgə bəyanat yayıb.
Avropa Şurası və Avropa İttifaqı ölüm cəzası ilə bağlı bəyanat yayıb

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton 10 oktyabr - Ölüm Cəzasına qarşı Avropa və Beynəlxalq Mübarizə Günü ilə əlaqədar birgə bəyanat yayıb.

Aİ-nin Azərbaycan nümayəndəliyindən Trend-ə verilən məlumata görə, bəyanatda qeyd olunur ki, ölüm cəzası qeyri-insani və lüzumsuz bir addımdır: Təcrübə göstərir ki, ölüm cəzası cinayətin qarşısını alan faktor deyildir. Bütün Avropada və onun hüdudlarından kənarda ölüm cəzasının ləğv edilməsi bütün üzv dövlətlərin birgə məqsədidir. Son on beş ildə bizim üzv dövlətlərdə ölüm cəzası həyata keçməmişdir".

Bəyanatda vurğulanır ki, Avropa Şurası və Avropa İttifaqı bütün hallarda ölüm cəzasını "de jure" ləğv etməmiş bütün Avropa dövlətlərini Avropa İnsan Hüquqları Konvensiyasının müvafiq protokollarını ratifikasiya etməklə ölüm cəzasını ləğv etməyə təşviq edir.

Avropa İttifaqı və Avropa Şurası insanlara hələ də ölüm cəzası verilən tək Avropa ölkəsi olan Belarusda ölüm cəzasının tam ləğv edilməsi məqsədilə onun istifadəsinə moratorium qoyulmasında təkid edir.

"Bütün dünyada ölüm cəzasının ləğv edilməsi tendensiyasını alqışlayırıq və ölüm cəzasının tətbiq olunduğu ölkələrin sayının daha da azaldığını müşahidə edirik. Digər tərəfdən, ölüm cəzasını hələ də tətbiq və icra edən ölkələrin bəzisində son on iki ayda ölüm cəzası qərarlarının yerinə yetirilməsindəki kəskin artım bizi narahat edir", - sənəddə deyilir.

Avropa Şurası və Avropa İttifaqı ölüm cəzasının hələ də qorunduğu ölkələrdə onun ləğv edilməsinə doğru ilk addım olaraq ölüm cəzasına dair qərarların yerinə yetirilməsinə dərhal moratorium qoyulmasında təkid edir. "Bundan başqa, ölüm cəzasının tamamilə ləğv edilməsi məqsədilə biz bütün ölkələri onun tətbiqinə qlobal səviyyədə moratoriumun qoyulmasına dair Qətnaməni dəstəkləməyə çağırırıq ki, bu Qətnamə də Baş Assambleyasının 2012-ci ilin dekabr ayında keçiriləcək 67-ci sessiyasında səsverməyə qoyulacaqdır", - bəyanatda vurğulanır.

Avropa İttifaqı və Avropa Şurası ölüm cəzasına dair birgə mövqe tutduqlarını və onun dünyada ləğv edilməsinə dair təəhhüdlərini bir daha təsdiq ediblər.

İttifaqa daxil olan ölkə Xorvatiya, Namizəd Ölkələr Türkiyə, Keçmiş Yuqoslaviya Respublikası Makedoniya*, Monteneqro*, İslandiya+ və Sebiya*, Sabitləşmə və Assosiasiya Prosesində olan Ölkələr və potensial namizədlər Albaniya və Bosniya və Herseqovina və Avropa Azad Ticarət Assosiasiyası (EFTA) ölkələri Lixtenşteyn və Norveç, Avropa İqtisadi Məkanının üzvləri, eləcə də Ukrayna və Moldova Respublikası bu bəyannaməni dəstəkləyirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti