Azərbaycan, Bakı, 12 oktyabr /Trend müxbir M.Əliyev/
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının bir qrup üzvündən ibarət nümayəndə heyəti QHT maliyyələşdirilməsinin Çexiya təcrübəsini öyrənmək üçün bu ölkənin paytaxtı Praqa şəhərinə yola düşəcək. Trend-in məlumatına görə, bu barədə cümə günü Şuranın mətbuat xidmətindən bildirilib.
Şura sədri Azay Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 15-17-də Çexiya QHT-lərini maliyyələşdirən analoji qurumda görüşlər keçirəcək, QHT fəaliyyətinin tənzimlənməsi və layihə maliyyələşdirilməsi, QHT-lərin inkişafı üzrə Milli Fəaliyyət Planının hazırlanması, QHT-lərin təsnifatlandırılması, hesabatlılıq və başqa istiqamətlərə aid toplanmış təcrübə ilə tanış olacaq, həmçinin qurumlar arasında gələcək əməkdaşlıq perspektivlərini müzakirə edəcək.