Azərbaycan, Bakı, 2 noyabr /Trend/
Milli Məclisin iclasında "Mədəniyyət haqqında" qanun layihəsi ikinci oxunuş üçün müzakirə olunub.
Trend-in məlumatına görə, layihə barədə danışan komitə sədri Nizami Cəfərov bildirib ki, son 10 ildə Azərbaycanda mədəniyyət sahəsində köklü dəyişikliklər baş verib, yaradıcı təşkilatların spesifikası dəyişib, xeyli yaradıcılıq uğurları əldə olunub.
Cəfərov bildirib ki, birinci oxunuşda təqdim olunan layihə kifayət qədər mükəmməl olmadığından dəyişdirilib, ikinci oxunuş üçün təqdim olunan layihə isə kifayət qədər təkmildir.
"Qanun ölkədə mədəniyyət və incəsənət sərvətlərinin yaradılması, qorunması, dirçəlişi, inkişafı və yayılması sahəsində yaranan münasibətləri tənzimləyir. Qanun, eyni zamanda, mədəniyyət sahəsində insan hüquq və azadlıqlarını təmin edir, bu sahədə hüquqi, təşkilati, iqtisadi və sosial təminatları, mədəniyyət sahəsində dövlət siyasətinin məqsəd və prinsiplərini müəyyən edir", - o deyib.
Qanun layihəsində mədəniyyət sahəsində dövlət reyestrinin aparılması öz əksini tapıb. Bu dövlət reyestri sistemi müxtəlif reyestrlər, kataloqlar, uçot sistemləri, dövlət mədəniyyət əmlakının siyahıları, qeydiyyat sistemlərindən ibarətdir. Həmçinin, qanun layihəsində mədəniyyət sahəsində dövlət monitorinqinin aparılması öz əksini tapıb. Bildirilib ki, monitorinqlər mədəniyyət sahəsində dövlət siyasətinin həyata keçirilməsinin cari vəziyyəti və mövcud boşluqların və gələcək siyasət istiqamətlərinin və mədəniyyət siyasəti tədbirlərinin müəyyən edilməsi məqsədilə həyata keçirilir.
Müzakirələrdən sonra layihə ikinci oxunuşda səsə qoyularaq qəbul olunub.