...

Fransa Azərbaycan ilə təhsil əlaqələrinin daha yüksək səviyyəyə qaldırılması üçün təkliflər irəli sürüb

Cəmiyyət Materials 7 Noyabr 2012 19:42 (UTC +04:00)
Azərbaycanın təhsil naziri Misir Mərdanov Fransanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Paskal Mönye ilə görüşüb.
Fransa Azərbaycan ilə təhsil əlaqələrinin daha yüksək səviyyəyə qaldırılması üçün təkliflər irəli sürüb

Azərbaycan, Bakı, 7 noyabr /Trend/

Azərbaycanın təhsil naziri Misir Mərdanov Fransanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Paskal Mönye ilə görüşüb.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə iki ölkə arasında digər istiqamətlərdə olduğu kimi, təhsil sahəsində də əməkdaşlığın möhkəmləndirilməsinin əhəmiyyətindən danışan nazir bu istiqamətdə bir sıra məsələlərə toxunub. Daha sonra Misir Mərdanov ikitərəfli əlaqələrin yalnız ali təhsil müəssisələri çərçivəsində deyil, təhsilin digər pillələri üzrə də genişləndirilməsinin önəmini vurğulayıb. O, Fransanın KNOUS təşkilatı ilə imzalanan müqavilə çərçivəsində görülən işlərə və bu baxımdan müəyyən problemlərin mövcud olduğuna da diqqət çəkib.

Sonra Mərdanov Fransanın Azərbaycandakı səfirliyi ilə birgə ölkələrimiz arasında təhsil sahəsi üzrə birgə əməkdaşlığın inkişafına, orta məktəblərimizdə fransız dilinin tədrisinə dəstək göstərməyə hazır olduğunu bildirib.

Azərbaycan-Fransa təhsil əlaqələrinin daha yüksək səviyyəyə qaldırılması baxımından bir sıra təkliflər irəli sürən Paskal Mönye səfirliyin müvafiq sahə üzrə nəzərdə tutduğu işlərdən danışıb. Səfir bu məqsədlə birgə işçi qrupunun yaradılmasını və 3 illik proqram hazırlanmasını təklif edib. Əməkdaşlığın inkişafı üçün yüksək potensialın mövcudluğundan söz açan səfir, həmçinin görülən işlərdən də bəhs edib, eləcə də hər ilin yayında "Fransız kəndi" layihəsi çərçivəsində fransız dili müəllimləri üçün seminarlar keçirildiyini diqqətə çatdırıb.

Bu görüşün iki ölkənin təhsil əlaqələrinə layiqli töhfələr verəcəyinə əminliyi vurğulayan Misir Mərdanov səfirin fikirləri ilə həmrəy olduğunu açıqlayıb və yaradılacaq işçi qrupuna müvafiq qurumların əməkdaşlarının daxil edilməsinin əhəmiyyətini qeyd edib.

Görüşdə təhsil sahəsində səmərəli əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti