Azərbaycan, Bakı, 4 dekabr /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycanda uşaqların gələn ilin II rübünün sonu və ya III rübünün əvvəllərindən pnevmokok infeksiyalarına qarşı peyvənd edilməsi planlaşdırılır.
Rostropoviç-Vişnevskaya Fondunun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Soltan Məmmədov çərşənbə axşamı Trend-ə deyib ki, uşaqlar arasında baş verən pnevmoniyanın 90 faizini pnevmokok infeksiyaları törədir. Bu peyvəndin edilməsi uşaqlar arasında ölüm hallarının kəskin azalmasına yardım göstərəcək.
Məmmədov deyib ki, artıq gələn ilin əvvəlindən bu peyvəndin aparılması üçün hazırlıq işlərinin, əhali arasında maarifləndirmənin aparılmasına başlanacaq. Pnevmokok infeksiyalarına qarşı peyvənd Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun olaraq, 1 yaşadək uşaqlara 3 dozada vurulmalıdır.
Pnevmokok infeksiyalarına qarşı peyvəndlərin olduqca baha olduğunu nəzərə çatdıran Məmmədov deyib ki, artıq Vaksinlər və İmmunlaşdırma üzrə Qlobal Alyans Azərbaycanda bu peyvəndin aparılmasına yardım göstərilməsi ilə bağlı ilk təsdiqedici qərarını verib. Azərbaycanda ilk bir neçə il ərzində bu peyvəndlərin edilməsi ilə bağlı Səhiyyə Nazirliyinə Vaksinlər və İmmunlaşdırma üzrə Qlobal Alyans, Rostropoviç-Vişnevskaya Fondu, eyni zamanda UNİCEF və Ümumdünya Səhiyyə Təşkilatı yardım göstərəcək. 3-4 ildən sonra isə peyvəndin maliyyələşdirilməsinin tam olaraq Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilməsi nəzərdə tutulur.
Məmmədov bu peyvəndin aparılması ilə bağlı Səhiyyə Nazirliyinin ayrıca qərar verəcəyini də nəzərə çatdırıb.
Qeyd edək ki, hazırda Azərbaycanda uşaqlara 9 peyvənd vurulur.