Azərbaycan, Bakı, 25 dekabr /Trend, müxbir İ.İsabalayeva/
Uşaqların qorxunc oyunlara maraq göstərməsi yaxşı hal deyil və bu, onların daha da aqressivləşməsinə gətirib çıxarır. Bunu çərşənbə axşamı Trend-ə Psixi Sağlamlıq Mərkəzinin psixoloqu Elnarə Baxışlı deyib.
Onun sözlərinə görə, uşaqların qorxunc oyunlara meyli onların lap kicik yaşlarından etibarən müşahidə edilə bilər. Bəzən analar hamilə vaxtı qorxunc filmlərə baxdıqda, kompüterdə güc tətbiq edilən oyunlar oynadıqda uşaqların kicik yaşlarından qorxunc oyunlara qarşı güclü marağı yaranır. Buna görə də qadınlar hamiləlik zamanı qorxunc oyunlara maraq göstərməli deyillər. Ancaq uşaqlar ətrafındakı insanlarda, ailədə aqressiv hərəkətlər gördükdə də belə oyunlara həvəs göstərirlər.
Normal inkişaf edən uşaqların qorxunc oyunlara meyli onların 2-3 yaşlarından müşahidə edilə bilər. Oyun oynayan zaman belə uşaqların "öldürdüm", "başını kəsdim", "bıçaqladım" demələri və qarşı tərəfdən belə hərəkətlərin baş verməsini istəmələri, oyuncaqları ilə kimisə əzmək, yıxmaq istəmələri, bütün dişləri çıxan uşaqların kimisə dişləməsi (dişləri çıxmaq ərəfəsində olan körpələr istisna olmaqla) artıq onların qorxunc oyunlara həvəs göstərməsindən xəbər verir.
Psixoloqun sözlərinə görə, uşaqları qorxunc oyunlardan uzaqlaşdırmaq üçün onlara tapança, qılınc və digər oyuncaqların hansı məqsədlə istifadəsinin daha düzgün olması başa salınmalıdır. Mümkün zərəri azaltmaq üçün valideynlər uşaqların oyunlarını mümkün qədər hərbi vətənpərvərlik istiqamətinə yönəltməli, intelleketi artıran, məntiqli oyunlara marağın yaranmasına imkan yaratmalıdır. Bununla yanaşı, valideynlər belə oyunlara maraq göstərən uşaqları ilə birgə həmin oyunları oynamalı və onlara bu oyunların reallıqdan uzaq olduğunu başa salmalıdırlar. Uşaqların qorxunc oyunlara marağını azaltmaq üçün ən yaxşı yollardan biri də onun idmanla məşğul olmasına imkan yaratmaqdır. Uşaqlarını idman məşğələlərinə aparmağa imkanı olmayan valideynlər onlarla birgə evdə də müxtəlif gimnastik hərəkətlər edə bilərlər. Bu, uşağın enerjisini boşaltmağa imkan yaradar.