Azərbaycan, Bakı, 28 dekabr /Trend, müxbir İ.İsabalayeva/
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası gələn ilin yanvar ayından yeni dərsliklərin monitorinqinə başlayacaq.
Komissiyanın mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, gələn ilin yanvar ayında "Həyat bilgisi", "İnformatika", "Texnologiya", "Azərbaycan dili" (təlim rus dilində olan məktəblər üçün), "Rus dili" (təlim Azərbaycan dilində olan məktəblər üçün), "İngilis dili", "Alman dili", "Fransız dili" , "Musiqi", "Fiziki tərbiyə" fənləri üzrə dərsliklərin və müəllimlər üçün metodiki vəsaitlərin elmi-metodiki monitorinqi aparılacaq. Eyni zamanda bütün fənlər üzrə V-XI siniflər üçün istifadədə olan dərsliklərin elmi-metodiki monitorinqinə başlanacaq.
TQDK respublikanın ümumtəhsil məktəblərinin I, III və IV siniflərində istifadədə olan "Azərbaycan dili" (təlim Azərbaycan dilində olan məktəblər üçün), "Riyaziyyat" və "Rus dili" (təlim rus dilində olan məktəblər üçün) dərsliklərinin və müəllimlər üçün metodiki vəsaitlərin elmi-metodiki monitorinqini başa çatdırıb. Ekspert şuralarında bu dərsliklərlə bağlı TQDK-ya daxil olmuş qeydlər, iradlar və təkliflər əsasında yekun rəylər hazırlanıb.
Hazırda həmin rəylər dərslik müəllifləri ilə birgə müzakirə edilir.
Yeni ildə ekspert şuralarının dərsliklərlə bağlı yekun qərarları açıqlanacaq.