...

Rabitə Nazirliyi 2013-cü ilin "İKT ili" elan edilməsi ilə bağlı perspektiv istiqamətləri açıqlayıb

Cəmiyyət Materials 15 Yanvar 2013 17:54 (UTC +04:00)
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi 2013-cü ilin "İnformasiya-kommunikasiya texnologiyaları (İKT) ili" elan edilməsi ilə əlaqədar perspektiv istiqamətləri açıqlayıb.
Rabitə Nazirliyi 2013-cü ilin "İKT ili" elan edilməsi ilə bağlı perspektiv istiqamətləri açıqlayıb

Azərbaycan, Bakı, 15 yanvar /Trend, müxbir H.Vəliyev/

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi 2013-cü ilin "İnformasiya-kommunikasiya texnologiyaları (İKT) ili" elan edilməsi ilə əlaqədar perspektiv istiqamətləri açıqlayıb.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin İnformasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri İsbəndiyar Əliyev çərşənbə axşamı Trend-ə bildirib ki, növbəti addım ilin sonunadək keçirilməsi nəzərdə tutulan tədbirlər planının hazırlanması və təsdiq edilməsi olacaq.

"Tədbirlər planında ilin sonunadək həyata keçirilməsi nəzərdə tutulan perspektiv istiqamətlər və layihələr öz əksini tapacaq. İlin əsas və ən əhəmiyyətli hadisəsi fevralın birinci ongünlüyündə "Azerspace-1" ilk telekommunikasiya peykinin orbitə çıxarılmasıdır. Miqyasına görə ikinci hadisə Azərbaycan Respublikası Dövlət Neft Fondunun maliyyələşdirəcəyi genişzolaqlı internetin inkişafı layihəsidir", - Əliyev qeyd edib.

Nazirliyin şöbə müdiri, həmçinin dövlət başçısının fərmanı ilə dekabrın sonunda qəbul edilən "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasını qeyd edib. Konsepsiyaya əsasən, İqtisadi İnkişaf Nazirliyinə bəzi dövlət orqanlarının fəaliyyətini təşkil etmək və əlaqələndirmək məqsədilə İnkişaf Konsepsiyası üzrə Milli Fəaliyyət Qrupunun yaradılması və onun tərkibi haqqında təkliflərini və
İnkişaf Konsepsiyasının həyata keçirilməsini təmin etmək üçün qəbul ediləcək dövlət proqramlarının, strategiyaların, digər sənəd və tədbirlərin siyahısını (onların hazırlanması və icra müddətləri, məsuliyyətli dövlət orqanları haqqında təkliflər də daxil olmaqla) iki ay müddətində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək tapşırılıb.

Bununla əlaqədar olaraq, hazırda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi İqtisadi İnkişaf Nazirliyinə təqdim ediləcək layihələrin hazırlanması üzrə işlər aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti