...

Strasburqda 20 Yanvar faciəsinin 23-cü ildönümü qeyd olunub

Cəmiyyət Materials 21 Yanvar 2013 02:26 (UTC +04:00)
Azərbaycanın Avropa Şurası yanındakı Daimi Nümayəndəliyinin təşəbbüsü ilə 20 Yanvar faciəsinin 23-cü ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
Strasburqda 20 Yanvar faciəsinin 23-cü ildönümü qeyd olunub

Fransa, Strasburq, 21 yanvar/ Trend, müxbir A.Məhərrəmli/

Azərbaycanın Avropa Şurası yanındakı Daimi Nümayəndəliyinin təşəbbüsü ilə 20 Yanvar faciəsinin 23-cü ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Bu barədə Trend-ə bazar ertəsi Daimi Nümayəndəlikdən məlumat verilib.

Anım mərasimində AŞPA-nın qış sessiyasında iştirak etmək üçün Strasburqa səfər etmiş Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvləri, Avropa Şurası yanında akkreditə olunmuş ayrı-ayrı dövlətlərin diplomatik nümayəndəliklərinin, o cümlədən Türkiyə, Ukrayna, Gürcüstanın təşkilat yanındakı Daimi nümayəndəliklərinin rəhbərləri və əməkdaşları, Strasburqdakı akademik dairələrin nümayəndələri, bu şəhərdə təhsil alan azərbaycanlı və əcnəbi tələbələr, eləcə də Elzas regionunda yaşayan soydaşlarımız iştirak edib.

Tədbirdə 20 Yanvar, habelə vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Avropa Şurası yanındakı Daimi Nümayəndəliyinin rəhbəri, fövqəladə və səlahiyyətli səfir Emin Eyyubov çıxış edib.

Səfir 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə Sovet imperiyasının Bakıda dəhşətli cinayət törətdiyini, dinc azərbaycanlıları qətlə yetirməklə xalqımızın azadlıq arzularını boğmaq istədiyini bildirdi. O, əli yalın insanlarımıza qarşı həyata keçirilən bu vəhşilik aksiyasının qətiyyən əsl məqsədinə çata bilmədiyini və azərbaycanlıların qəhramanlığının və dönməz mübarizə əzminin Azərbaycanın müstəqilliyinin bərpası ilə nəticələndiyini söylədi.

Sonra AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, eləcə də nümayəndə heyətinin üzvləri - millət vəkilləri Rəfael Hüseynov, Rövşən Rzayev çıxış edib. 20 Yanvar hadisələrinin tariximizin həm acı, həm də qəhramanlıq dolu bir səhifəsi olduğunu qeyd edən natiqlər bu hadisələrin millətimizin yaddaşından heç vaxt silinməyəcəyini vurğulayıblar. Çıxışlarda qeyd olundu ki, həmin günlərdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Moskvadakı nümayəndəliyimizə gələrək xalqımıza ən çətin zamanında mənəvi dəstək olub. Bununla da, o, azadlıqsevər azərbaycanlıların müstəqillik mübarizəsində öz qətiyyətli mövqeyini nümayiş etdirib. Millət vəkilləri bu gün şəhidlərimzin arzularının həyata keçdiyini, Prezident İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycanın bütün sahələrdə böyük uğurlar qazandığını qeyd ediblər.

Tədbir boyu 20 Yanvar faciəsinə dair fotostend və film nümayiş etdirilib.

Sonda Köln və Essen konservatoriyalarının dosenti Elnarə İsmayılova pianoda Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini ifa edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti