...

Mətbuat Şurasına KİV-də gedən materiallara görə 500-dən çox şikayət daxil olub

Cəmiyyət Materials 31 Yanvar 2013 16:00 (UTC +04:00)
Bu gün Azərbaycan Mətbuat Şurası (MŞ) 2012-ci ildə gördüyü işlərə dair hesabat konfransı keçirib. Trend-in məlumatına görə, Şura sədri Əflatun Amaşov tədbiri açaraq hesabatda əksini tapan cəhətlər barədə ətraflı məlumat verib.
Mətbuat Şurasına KİV-də gedən materiallara görə 500-dən çox şikayət daxil olub

Azərbaycan, Bakı, 31 yanvar /Trend, müxbir E.Hüseynov/

Bu gün Azərbaycan Mətbuat Şurası (MŞ) 2012-ci ildə gördüyü işlərə dair hesabat konfransı keçirib. Trend-in məlumatına görə, Şura sədri Əflatun Amaşov tədbiri açaraq hesabatda əksini tapan cəhətlər barədə ətraflı məlumat verib.

2012-cu ildə MŞ-yə ümumilikdə 685 müraciət daxil olub. 685 müraciətdən 501-i kütləvi informasiya vasitələrində gedən materiallardan şikayətdir. Şura Katibliyi həmin şikayətlərlə bağlı cavabdeh və şikayətçi tərəfləri Şuraya dəvət edib. Bu mərhələdə baxılan 501 məsələdən 315-i Katiblikdə həllini tapıb, tərəflər arasında anlaşma əldə olunub. Digər 186 halda şikayətçi və cavabdeh tərəf arasında razılığa gəlinmədiyindən məsələlər və onlarla bağlı toplanmış materiallar baxılmaq üçün Şuranın müvafiq komissiyalarına təqdim edilib.

2012-cu ildə Şuraya daxil olan şikayətlərin 186-sı komissiyalarda araşdırılıb. Şikayətlər üzrə Komissiyada baxılan 118 məsələdən 89-i komissiya səviyyəsində həllini tapıb. Digər 29 məsələ barədə çıxarılan rəylər qərar qəbulu üçün Şuranın İdarə Heyətinə təqdim edilib. "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyası tərəfindən araşdırılan 55 şikayətdən 9-u barədə təqdimat verilərək yekun qərarın qəbulu üçün Şuranın İdarə Heyətinə təqdim edilib (46 şikayət isə komissiyada həllini tapıb).

Beləliklə, Şuranın İdarə Heyəti 2012-ci ildə ümumilikdə 27 qərar çıxarıb. Bu zaman Şikayətlər üzrə Komissiyanın 29 rəyindən 23-ü (6 rəy təkrar baxılmaq üçün Katibliyə qayratılıb), "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasının isə 9 təqdimatından 4-ü əsas götürülüb.

İdarə Heyətinin ayrı-ayrı KİV-lərlə bağlı çıxardığı qərarlar onlardan 5-nə xəbərdarlıq edilməsini nəzərdə tutub. 15 qərarda KİV-lərin peşə prinsiplərinə etinasızlığı əksini taparaq media orqanlarına bundan nəticə çıxarmaq tövsiyə olunub. 7 qərar cavabdeh nəşrin adının Mətbuat Şurasının "qara siyahı"sına salınmasını nəzərdə tutub.

MŞ-nin ötən il reallaşdırdığı 7 layihə çərçivəsində 2 müsabiqə keçirilib, 2 xarici səfər reallaşdırılıb, 1 beynəlxalq konfrans, 2 təlim kursu təşkil olunub, 2 "dəyirmi masa", 1 konfrans baş tutub. 3 dəfə Şuranın Dialoq Avrasiya Platformasının Azərbaycan nümayəndəliyi ilə birgə "Həqiqətə xidmətlərinə görə" mükafatı təqdim olunub.

Bundan başqa, 2012-ci ildə MŞ təmsilçiləri 5 dəfə xarici səfərdə olublar. 9 dəfə xarici ölkələrdən gələn nümayəndə heyətləri ilə Şurada görüş keçirilib. Eyni zamanda, Şura müxtəlif mövzularda 20 konfrans, seminar və "dəyirmi masa" təşkil edib. Ömrünü Azərbaycan jurnalistikasına həsr etmiş insanların yada salınması üçün MŞ-nin Ahıl Jurnalistlər Məclisinin xətti ilə 5 tədbir təşkil olunub.

Diffamasiya ilə bağlı fəaliyyətə gəldikdə isə, məlum olduğu kimi, Azərbaycan Mətbuat Şurası diffamasiya ilə bağlı qanun layihəsi hazırlayıb. Hazırda sənədin dəyərləndirilməsi aparılır. Artıq Avropa Şurasının Venesiya Komissiyası səviyyəsində müzakirə olunur.

İl ərzində iki dəfə MŞ-nin "qara siyahı"sı açıqlanıb. Hazırda sənəddə 86 KİV-in adı var.

Mətbuat Şurası həmçinin özünün əsas missiyalarından birinin mətbu məkanın saflaşdırılması olduğunu rəhbər tutaraq, "qara siyahı"ya saldığı KİV-lərin fəaliyyətlərində düzəliş etmələrinə dair müraciətlərini nəzərə alıb. İH-nin 7 qərarı cavabdeh nəşrin adının "qara siyahı"ya salınmasını nəzərdə tutubsa, cari məsələlərlə bağlı 9 qərarı ayrı-ayrı KİV-lərin adlarının siyahıdan çıxarılması ilə bağlıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti