...

Bakıda "Azərbaycanda Olimpiya Hərəkatı: daim yüksəlişdə" kitabının təqdimatı keçirilib (FOTO)

Cəmiyyət Materials 23 Fevral 2013 11:46 (UTC +04:00)
Bu gün Bakıda Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, həqiqi dövlət müşaviri, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Ramiz Mehdiyevin ideya rəhbərliyi, professor Əli Həsənovun redaktorluğu, "Azərbaycan" qəzeti redaksiyası ilə Milli Olimpiya Komitəsinin əməkdaşlığı əsasında ərsəyə gələn "Azərbaycanda Olimpiya Hərəkatı: daim yüksəlişdə" adlı 2 cildlik kitabın təqdimat mərasimi keçirilib.
Bakıda "Azərbaycanda Olimpiya Hərəkatı: daim yüksəlişdə" kitabının təqdimatı keçirilib (FOTO)

Azərbaycan, Bakı, 23 fevral /Trend, müxbirlər E.Mehdiyev, İ.İzzət/

Bu gün Bakıda Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, həqiqi dövlət müşaviri, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Ramiz Mehdiyevin ideya rəhbərliyi, professor Əli Həsənovun redaktorluğu, "Azərbaycan" qəzeti redaksiyası ilə Milli Olimpiya Komitəsinin əməkdaşlığı əsasında ərsəyə gələn "Azərbaycanda Olimpiya Hərəkatı: daim yüksəlişdə" adlı 2 cildlik kitabın təqdimat mərasimi keçirilib.

Trend-in məlumatına görə, kitab müasir Azərbaycan dövlətinin banisi ulu öndər Heydər Əliyevin əbədiyaşar xatirəsinə və Milli Olimpiya Komitəsinin yaranmasının 20-ci, Azərbaycanda Olimpiya Hərəkatının inkişaf mərhələsinə qədəm qoymasının 15-ci ildönümünə ithaf edilir.

Tədbiri giriş sözü ilə açan "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov kitab haqqında məlumat verərək qeyd edib ki, kitabda Azərbaycan iqtidarının idman siyasəti və onun tərkib hissələri olan gənclərin inkişafına qayğı, ölkə vətəndaşlarının sağlamlığı, Azərbaycanın dünyaya təqdimatı və müasir imici məsələləri, Azərbaycanda idmanın inkişafına Heydər Əliyevin göstərdiyi qayğıdan, Prezident İlham Əliyevin idman sahəsində gördüyü işlərdən bəhs edilir.

Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov kitabın çox uğurlu alındığını qeyd edib. O bildirib ki, Azərbaycanda bədən tərbiyəsi, idman və Olimpiya Hərəkatı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.

"Bu gün Azərnbaycanda idman kütləvi hal alıb. Artıq Azərbaycanda 40-a qədər olimpiya kompleksi, bir sıra idman növləri üzrə xüsusi idman mərkəzləri tikilib. Bu imkan verir ki, Azərbaycanda mötəbər beynəlxalq yarışlar keçirilsin. Azərbaycan həqiqətən Avropanın idman mərkəzlərindən birinə çevrilib", - Rəhimov deyib.

O bildirib ki, bu uğurların salnamə şəklində tarixə daxil edilməsinin çox böyük rolu var. Bu baxımdan bu gün təqdimatı keçirilən kitab da xüsusi əhəmiyyət kəsb edir. Kitab, eyni zamanda, Azərbaycan idman tarixinin öyrənilməsi baxımından çox gözəl vəsaitdir.

Tədbirdə çıxış edən hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı da kitabın əhəmiyyətindən danışaraq qeyd edib ki, müstəqillik illərində Azərbaycan idman sahəsində ciddi uğurlar əldə edib. Bu uğurları tarixə çevirmək baxımından bu kitabın çox böyük əhəmiyyəti var.

O qeyd edib ki, Azərbaycanın qazandığı hər bir uğur düşmən üzərində qazanılan uğurdur.

"Ulu öndər Heydər Əliyevin idmanın inkişafı üçün verdiyi sərəncamlar, gördüyü işlər bu kitabda öz əksini tapıb və bu kitab idman tariximiz üçün çox gözəl mənbə rolunu oynayacaq", - Qurbanlı deyib.

O bildirib ki, idmanın inkişafı Azərbaycan hökumətinin daim diqqət mərkəzindədir və çoxlu sayda olimpiya komplekslərinin tikilib istifadəyə verilməsi bunun bariz nümunəsidir. İdmanın inkişafı dövlət başçısının siyasətidir və bu siyasət davam edəcək.

Kitabda qeyd edilir ki, respublikada 36 olimpiya idman kompleksi tikilib. Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Eyni zamanda, Azərbaycan beynəlxalq idman yarışlarının keçirildiyi məkan, Olimpiya Oyunlarında getdikcə daha çox mükafat qazanan, idman sahəsinə və idmançılara dövlət qayğısının göstərildiyi ölkədir.

2 cildlik kitab müstəqil Azərbaycanda Olimpiya Hərəkatının təməlinin qoyulması və inkişafı, ümummilli lider Heydər Əliyevin gördüyü işlər (yolasalma və təltifdə söylədiyi nitqlər, olimpiya idman komplekslərinin açılışlarındakı nitqlər), Olimpiya Oyunları sahəsində qazanılan uğurlar, bu sahədə qəbul olunmuş qərarlar, verilmiş sərəncamlar, görülmüş işlərin əks olunması prinsipi üzərində hazırlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti