...

Ali təhsil müəssisələrinin ƏDV-dən azad edilməsi tələbələrə nə verəcək?

Cəmiyyət Materials 11 Mart 2013 14:58 (UTC +04:00)
Azərbaycanda ali təhsil müəssisələrinin ƏDV-dən azad olunması ilə əlaqədar təhsil haqlarının aşağı düşməsi məsələsinə aydınlıq gətirilib.
Ali təhsil müəssisələrinin ƏDV-dən azad edilməsi tələbələrə nə verəcək?

Azərbaycan, Bakı, 11 mart / Trend müxbir M.Əliyev/

Azərbaycanda ali təhsil müəssisələrinin ƏDV-dən azad olunması ilə əlaqədar təhsil haqlarının aşağı düşməsi məsələsinə aydınlıq gətirilib.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, millət vəkili Gülçöhrə Məmmədova Trend-ə bildirib ki, Vergi Məcəlləsinə edilən dəyişiklik dövlət təhsil müəssisələrinin təhsil haqlarına təsir etməyəcək. "Çünki ödənişli tələbələrin təhsil haqqı əsasən təhsil müəssisəsinin müəllim heyətinin əmək haqqının ödənilməsinə yönəlir. Əmək haqlarının da tədricən artmasını nəzərə alaraq təhsil haqlarının aşağı salınmasını deyil, əksinə artmasını gözləmək olar", - o deyib.

Azərbaycan Müəllimlər Universitetinin (AMU) rektoru, millət vəkili Aqiyə Naxçıvanlı da bu məsələ ilə bağlı Trend-ə ƏDV-dən azad olunmanın təhsil haqlarına təsir göstərməyəcəyini deyib.

Bəzi özəl təhsil müəssisələrinin illik ödənişləri aşağı salması ilə bağlı qərara münasibət bildirən AMU rektoru deyib ki, özəl təhsil müəssisələrində təhsil haqqı dövlət təhsil müəssisələrinə nisbətən çox yuxarı səviyyədədir. "Onlar təhsil haqlarını aşağı salınması ilə bağlı qərar qəbul edə bilər. Dövlət təhsil müəssisələri isə büdcədən maliyyələşir, ona görə təhsil haqları ilə bağlı məsələ büdcə müzakirələri zamanı qaldırıla bilər", - Naxçıvanlı deyib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2012-ci il dekabrın 29-da Vergi Məcəlləsinə düzəlişləri təsdiq edib. Məcəlləyə edilən dəyişikliyə görə, Azərbaycan ali təhsil müəssisələrində təhsil haqları ƏDV-dən (18%) azad edilib.

Təhsil Nazirliyindən isə Trend-ə bildiriblər ki, dövlət ali təhsil müəssisələri ƏDV-dən azad idi, bu ilin əvvəlindən Vergi Məcəlləsinə edilən dəyişiklik özəl ali təhsil müəssisələri üçün nəzərdə tutulub. Nazirlikdən bildiriblər ki, ƏDV-nin ləğvi nəticəsində özəl təhsil müəssisələrinin təhsil haqlarına hər hansı dəyişikliyin edilməsi həmin təhsil müəssisələrin öz qərarlarından asılıdır, Təhsil Nazirliyi qiymət siyasətinə təsir göstərə bilməz. Eyni zamanda nazirlikdən bildiriblər ki, bu ilədək özəl universitetlər ƏDV-nin təhsil haqqına tətbiq olunmasından şikayət edirdilər və hesab edirdilər ki, mənfəətin çox hissəsi ƏDV-nin ödənilməsinə yönəlir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti