Azərbaycan, Bakı,29 mart /Trend, müxbir İ.İzzət/
Bakı-Quba yolundakı Sumqayıt - H.Z.Tağıyev qəsəbəsi yolunun 7-ci kilometrində körpünün qəzalı vəziyyətə düşməsinin səbəbi açıqlanıb.
Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Trend-ə bildirib ki, körpüdə hərəkət zolaqlarının arasındakı boşluq hissəsində təkər qaytaranlar uçub, nəticədə asfalt örtüyündə çökmə əmələ gəlib. Onun sözlərinə görə, təkər qaytaranların uçmasına səbəb avtomobillərin yüksək sürətlə idarə edilməsi olub. Körpüdə hərəkət sürəti saatda 60 km göstərilsə də, avtomobillər oradan yüksək sürətlə keçirlər.
Mürsəliyev deyib ki, körpünün tikintisində hər hansı qüsur yoxdur. O bildirib ki, sabahdan avtomobillərin hərəkəti məhdudlaşdırılmadan təmir işlərinə başlanılacaq.
Körpünün uzunluğu 42 metr, eni isə 15,6 metrdir.
Qeyd edək ki, ötən gün şahidlərin Trend-ə verdiyi məlumata görə, Bakı-Quba yolundakı Sumqayıt - H.Z.Tağıyev qəsəbəsi yolunun 7-ci kilometrində yerləşən körpü avtomobillərin hərəkəti üçün təhlükəli olduğundan bağlanmışdı.
Bu gün səhər körpü avtomobillərin hərəkəti üçün açıqdır.