...

Həmkarlar İttifaqları Konfederasiyası yay mövsümü ilə əlaqədar sanatoriyalarda monitorinqlər keçirəcək

Cəmiyyət Materials 3 Aprel 2013 16:58 (UTC +04:00)
Həmkarlar İttifaqları Konfederasiyası yay mövsümü ilə əlaqədar aprelin 20-dən sonra sanatoriyalarda monitorinqlər keçirəcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Mehbalıyev bildirib.
Həmkarlar İttifaqları Konfederasiyası yay mövsümü ilə əlaqədar sanatoriyalarda monitorinqlər keçirəcək

Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir E.Mehdiyev/

Həmkarlar İttifaqları Konfederasiyası yay mövsümü ilə əlaqədar aprelin 20-dən sonra sanatoriyalarda monitorinqlər keçirəcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Mehbalıyev bildirib.

Onun sözlərinə görə, AHİK-in vəsait ayırdığı bütün sanatoriyalarda böyük təmir-abadlıq işləri görülüb. Reydlərin keçirilməsinin məqsədi aparılmış təmir-bərpa işlərinin gedişinə baxmaq və insanların istirahəti üçün yaradılan şəraitlə tanış olmaqdır. Bu il AHİK-in vəsaiti hesabına istifadə olunmayan sanatoriya korpuslarında da təmir-bərpa işləri görülərək istifadəyə verilib. Bu da sanatoriyada istirahət edən insanların say tərkibinin artmasına gətirib çıxaracaq.

Mehbaliyev bildirib ki, bu il Nabranda Təhsil İşçiləri Sahə Həmkarlar İttifaqları hesabına tikilən 298 nəfərlik istirahət mərkəzi istifadəyə veriləcək. Onun sözlərinə görə, hazırda orada təmir-bərpa işləri aparılır: "Çalışacağıq ki, bu işləri yaya qədər yekunlaşdıraq və bunu müəllim ailələrinin istirahəti üçün istifadəyə verək".

Təhsil sahəsində çalışan insanların istirahətə göndərilməsində problemlərin olduğunu deyən Mehbalıyev qeyd edib ki, bu sahədə çalışanlardan Həmkarlar İttifaqları Konfederasiyası hesabına dincəlmək istəyənlərin sayı çoxdur.

"Mən uzun müddətdir bu sahədə çalışıram. Hansı ali məktəbi götürsən, orada yaşlı insanlar var. Hər il bu insanlar müraciət edirlər. Yəni həm də onların əvəzinə onların müdiriyyəti məktub yazır ki, qocaman təhsil işçisidir, qocaman professordur, akademikdir, xahiş edirik, onların istirahətinin təmin olunmasına kömək göstərin. Məcbur qalırıq ki, bəzən başqalarının hüquqlarını pozmaq hesabına bu adamların istirahətini təmin edək. Yəni verməyəndə də yenə şikayət ərizəsi daxil olur", - Mehbalıyev deyib.

Konfederasiya sədri qeyd edib ki, həmin təhsil işçiləri özlərindən başqa, iş yoldaşlarını da düşünməlidirlər. "Yəni bir kafedrada 30-40 müəllim işləyirsə və orada on nəfər istirahət edirsə, hər il həmin 10 nəfər istirahətə getməməlidir. Özləri öz aralarında növbə yaratmalıdırlar", - Mehbalıyev deyib.

Konfederasiya rəhbəri həmçinin vurğulayıb ki, ildən-ilə AHİK hesabına istirahətə göndərilən insanların sayında artım var. Bu artım Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Sahə Həmkarlar İttifaqlarının yollanışları nəticəsində baş verir.

Onun sözlərinə görə, ümumilikdə isə hər il istirahətə göndərilən insanların sayı 30 mindən çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti