Azərbaycan, Bakı, 16 may /Trend/
Azərbaycanın Suriya Ərəb Respublikasındakı səfırliyi tərəfindən müasir ərəb ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri sayılan, əslən livanlı yazıçı Əmin Ər-Reyhaninin ev muzeyində görüş keçirilib.
Səfirlikdən Trend-ə daxil olan məlumata görə, görüşün keçirilməsində əsas məqsəd ölkəmizin görkəmli şərqşünas alimi, professor Aida İmanquliyevanın müasir ərəb ədəbiyyatının tanınmış nümayəndələri Əmin Ər-Reyhani, Cübran Xəlil Cübran və Mixail Nüaymənin həyat və yaradıcılığından bəhs edən "Yeni ərəb ədəbiyyatının korifeyləri" adlı kitabının ərəbcə nəşrinin muzeyə təqdim edilməsi olub.
Tədbiri giriş nitqi ilə açan səfır Mahir Əliyev haqqında danışılan kitabın müəllifı professor Aida İmanquliyevanın yaradıcılığı haqqında ətraflı məlumat verərək, onun ərəb məhcər ədəbiyyatının beynəlxalq miqyasda ən görkəmli tədqiqatçılarından biri hesab olunduğunu və Aida İmanquliyevanın bu istiqamətdə apardığı tədqiqatların keçmiş SSRİ-də müasir ərəb ədəbiyyatının öyrənilməsinə əvəzsiz töhfə verdiyini bildirib.
Səfır M.Əliyev ölkəmizdə şərqşünaslıq elminin inkişafında böyük xidmətləri olmuş Aida İmanquliyevanın müəllifı olduğu kitabların Azərbaycanla yanaşı digər dövlətlərdə də böyük maraqla qarşılandığını bildirərək, "Yeni ərəb ədəbiyyatı korifeyləri" kitabının Azərbaycan, rus, ərəb və ingilis dillərində nəşrinin oxucuların həmin əsərə olan marağından qaynaqlandığını və həmin əsərin beynəlxalq miqyasda Əmin Ər-Reyhani də daxil olmaqla müasir ərəb ədəbiyyatı ilə tanışlığa böyük imkan yaratdığını qeyd edib.
Səfır qeyd edilən kitabın ərəb dilində nəşrinin Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfıri birinci xanım Mehriban Əliyevanın bilavasitə qayğısı ilə işıq üzü gördüyünü xatırladaraq, Heydər Əliyev Fondunun fəaliyyəti və onun dünya mədəni irsinin qorunması və dövlətlərarası mədəni əlaqələrin inkişafı yönündəki səy və təşəbbüsləri haqqında ətraflı məlumat verib.
Daha sonra haqqında danışılan kitabın nüsxələri, Azərbaycan bayrağı və ölkəmizlə bağlı xatirə hədiyyəsi muzey rəhbərliyinə təqdim edilib.
Əmin Ər-Reyhaninin qardaşı oğlu və varisi, eyni zamanda Livanın Notrdam Universitetinin prorektoru, professor Əmin Ər-Reyhani Azərbaycanın görkəmli alimi Aida İmanquliyevanın sözügedən kitabının müasir ərəb ədəbiyyatı nümayəndələrinin, о cümlədən əmisi Əmin Ər-Reyhanin yaradıcılığının öyrənilməsi və beynəlxalq miqyasda tanıdılması baxımından yüksək dəyərə malik olduğunu bildirib.
Ə.Ər-Reyhani sözügedən kitabın ərəb dilində nəşrinə verdiyi dəstəyə görə Heydər Əliyev Fondunun rəhbərliyinə təşəkkürünü bildirərək, əmisinin indiyədək dünyanın bir çox ölkələrində səhnələşdirilən, islamın ilk illərində Yəməndə cərəyan edən hadisələrdən bəhs edən və xeyrlə şərin mübarizəsini əks etdirən "Vacdə" əsərini muzeydən xatirə olaraq, Heydər Əliyev Fondunun Prezidenti birinci xanım Mehriban Əliyevaya çatdırılmasını xahiş edib.
Ə.Ər-Reyhani "Yeni ərəb ədəbiyyatı korifeylari" kitabının Azərbaycan bayrağı ilə birlikdə muzeyin xüsusi guşəsində yer aldığından məmnunluğunu ifadə edərək, bunun Livan-Azərbaycan mədəni əlaqələrində körpü olacağına ümidini bildirib. O, rəhbərlik etdiyi muzeyin Heydər Əliyev Fondu və ölkəmizin tədqiqatçıları ilə əməkdaşlığa hazır olduğunu qeyd edib.
Görüş zamanı, həmçinin Azərbaycan-Livan mədəni əlaqələrinin tarixi və inkişaf perspektivləri haqqında fıkir mübadiləsi aparılıb.