Azərbaycan, Bakı, 17 may /Trend, müxbir M.Əliyev/
Prezident Kitabxanasında cümə günü "İrəvan şəhəri" əsərinin əsasında hazırlanmış www.iravan.info veb-saytının təqdimatı keçirilib.
Trend-in məlumatına görə, təqdimat mərasimində Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov bildirib ki, "İrəvan şəhəri" elektron resursu məhz Azərbaycanın qədim elm və mədəniyyət, həmçinin dini mərkəzlərindən biri olan İrəvan şəhərinə həsr olunub.
O qeyd edib ki, saytda İrəvan şəhərində azərbaycanlılara məxsus maddi-mədəniyyət nümunələrinin erməni vandalları tərəfindən Yer üzündən necə silindiyi və yaxud başqa xalqlara məxsus tarixi-memarlıq abidəsi kimi necə qələmə verildiyi ayrı-ayrı faktlarla göstərilir. Əhmədov bildirib ki, "İrəvan şəhəri" elektron resursunun yaxın gələcəkdə ingilis dilinə tərcümə edilərək elektron verisyasının hazırlanması da nəzərdə tutulur.
Layihənin elmi məsləhətçisi, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru Yaqub Mahmudov tədbirdə bildirib ki, müharibə şəraitində olan Azərbaycanda informasiya sahəsində geniş işlər görülməlidir, informasiya resurslarında tarixi həqiqətlərin yayılmasına çalışılmalıdır:
"Biz itirilən torpaqlların tarixini yaşatmalıyıq. Sovet İttifaqı dövründə Azərbaycanın tarixi torpaqları ilə bağlı yazılar dərc olunmurdu və bu boşluqlar müstəqillik dövründə yetərincə doldurulmalıdır. Biz Dərbəndə, Təbrizə, Tiflisə iddia etmirik, lakin o yerlər tarixən Azərbaycan mədəniyyətinin mərkəzlərindən olub".
O qeyd edib ki, Rusiyadan, Avropadan toplanan minlərlə sənədlərdə sübut olunur ki, ermənilər Qafqazda aborigen deyil: "İrəvan bölgəsində bizim rəssamlıq, poeziya, xalçaçılıq, sənətkarlıq və ən əsası dövlətçilik tariximiz var".
Prezident Kitabxanasının şöbə müdiri, "İrəvan şəhəri" əsərinin müəllifi Nazim Mustafa təqdimat zamanı bidirib ki, əsərin əsasında hazırlanmış veb-saytda materiallar 31 bölmədə qruplaşdırılıb. O qeyd edib ki, saytda İrəvanın Azərbaycanın qədim elm və mədəniyyət mərkəzlərindən biri olduğunu nümayiş etdirən materiallar var. Nazim Mustafa həmçinin deyib ki, "İrəvan şəhəri" elektron resursunda İrəvanda azərbaycanlıların etnik təmizləməsinə ayrıca fəsil həsr edilib.