Azərbaycan, Bakı, 31 may /Trend, müxbir E.Mehdiyev/
Bakıda Mədəniyyətlərarası Dialoq üzrə II Ümumdünya Forumu çərçivəsində mədəniyyət nazirlərinin ilk görüşü keçirilir.
Trend-in məlumatına görə, Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin moderatorluq etdiyi görüşün əsas məqsədi 2015-ci ildə yenidən Bakıda keçiriləcək Mədəniyyətlərarası Dialoq üzrə III Ümumdünya Forumuna hazırlıq işlərini müzakirə etmək, qarşıdan gələn iki il ərzində mədəniyyətlərarası dialoqa dair Fəaliyyət Planını qəbul etməkdir.
Nazir növbəti forumun 2015-ci ildə yenidən Bakıda keçiriləcəyini deyib.
Görüş zamanı həmçinin "Mədəniyyət və yaradıcılıq mədəniyyətlərarası etimadı necə yarada bilər?", "Mədəniyyətlərarası dialoq üçün birgə əsas: mədəni irs və turizm" mövzusunda müzakirələr keçirilib.
Tədbirdə çıxış edən BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Naser Əbdüləziz əl- Naser ilk öncə Azərbaycan hökumətinə bu cür möhtəşəm foruma ev sahibliyi etdiyinə görə təşəkkürünü bildirib: "Mən bu forumun çox yüksək səviyyədə təşkil edilməsinə heyranam. Bu forum mədəniyyətlər arasında etimad və etibar yaradan bir tədbirdir. Biz daim çalışmalıyıq ki, bu kimi forumlar vasitəsilə insanlara dəstək olaq".
O qeyd edib ki, mədəniyyət və turizm insanları təlimatlandırmaq, maarifləndirmək, onların dünya görüşlərini artırmaq üçün müstəsna imkanlar yaradır.
BMT rəsmisinin sözlərinə görə, digər mədəniyyətlərin öyrənilməsi insanlar üçün mühüm töhfədir. Mədəniyyətlararası dialoqu artırmağın vacibliyini vurğulayan Nasir Əbdüləziz əl-Naser qeyd edib ki, mədəniyyətlərarası dialoqun gücləndirilməsi dünyada sülh və sabitliyin də təmin olunmasına öz töhfəsini verir.
Latviyanın mədəniyyət naziri xanım Janet Yaunzete söz alaraq vurğulayıb ki, mədəniyyətlər arasında dəyərlər sistemi haqqında danışmaq hər birimiz üçün önəmli məsələdir: "Mən hardan gəlmişəm, mənim mənşəyim hardandır. Bu istiqamətdə digər xalqların nümayəndələri də bir-birinə qarşı mədəni davranmalıdırlar."Latviya mədəniyyəti dünya xalqları ilə yaxın münasibətlər qurmaqda davam edir. Bu, mədəniyyətlərarası tolerantlığın nümunəsidir".
Litvanın mədəniyyət naziri Arunas Gelunas isə bildirib ki, mədəniyyətlərin müxtəlifliyi prinsiplərinə əsaslanmalıyıq, çünki bu, insanlarası münasibətlər üçün geniş imkanlar yaradır. O, həmçinin insanların və fərdlərin arasında mədəni əlaqələrin yaradılmasının mühüm olduğunu qeyd edib: "Biz, həmçinin qloballaşan dünyada öz mədəniyyətimizi qoyumalıyıq və bununla yanaşı digər mədəniyyətlərə açıq olmalıyıq. Biz, 21-ci əsr üçün mədəniyyətlərarası vərdişlər yaratmalıyıq."
TÜRKSOY-un sədri Duysen Kaseinovun sözlərinə görə, Rusiyanın tərkibində muxtariyyət hüququ qazanan 6 türk xalqı və Moldovanın tərkibində olan qaqauzlar bu təşkilatın üzvləridir: "Biz istər Novruz bayramını, istərsə də yazıçıların, mədəniyyət və incəsənət xadimlərinin keçirdikləri tədbirləri daim diqqət mərkəzində saxlayırıq. TÜRKSOY yarananda Türkiyənin sabiq Prezidenti Süleyman Dəmirəl demisdi: "Bütün türkdilli xalqların nazirləri müstəqillik əldə edəndən sonra belə təşkilat yaratmaq istəyirdilər. Yalnız mədəniyyət nazirləri buna müvəffəq oldular".
Daha sonra digər çıxış edənlər forumun əhəmiyyətindən danışıblar.
İclasda dünyanın 40-dan artıq ölkəsindən nümayəndələr iştirak edirlər.