Azərbaycan, Bakı, 31 may /Trend, müxbir İ.İsabalayeva/
"2007-2015-ci illər üzrə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində xaricdə təhsil alan azərbaycanlı tələbələrin problemlərinin və müraciətlərinin Təhsil Nazirliyi tərəfindən araşdırılması kampaniya xarakteri daşımır. Trend-in məlumatına görə, bunu Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə deyib.
Onun sözlərinə görə, Təhsil Nazirliyinin bu yaxınlarda belə tələbələrin müraciətlərinin onlayn göndərilməsi üçün yaratdığı elektron xidmətə müxtəlif müraciətlər edilib. Müraciətlərin arasında əsaslı olanlar da olub. Ancaq bir sıra hallarda bəzi tələbələr öz hüquqlarını tam şəkildə bilmədiklərindən müraciətlərini düzgün etməyiblər.
Nazir deyib ki, xaricdə təhsil alan azərbaycanlı tələbələrin problemlərinin və müraciətlərinin araşdırılması ümumilikdə Təhsil Nazirliyinin birbaşa vəzifələrinə aid olan bir məsələdir: "Dövlət başçısı tərəfindən həyata keçirilən siyasətin, neft kapitalının insan kapitalına çevrilməsi siyasətinin gələcək məhsullarıdır. Ona görə gələcəkdə də bu təbəqənin ehtiyaclarının öyrənilməsi, onların sualları Təhsil Nazirliyinin diqqət mərkəzində olacaq. Dediyim hər bir söz Azərbaycanın xaricdə təhsil alan vətəndaşlarına aid deyil. Bu sözlər Azərbaycan Respublikasının təhsil müəssislərində təhsil alan tələbələrə də aiddir".