Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir A.Məmmədov/
Bu gün Bakı Apelyasiya Məhkəməsində iş adamını xüsusi amansızlıqla qətlə yetirməkdə ittiham olunan Türkel Əsədullazadənin apelyasiya şikayəti üzrə məhkəmə başa çatıb.
Trend-in məlumatına görə, hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Baş Prokurorluğun təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılması ilə bağlı apelyasiya protesti və təqsirləndirilən şəxsin cəzasının yüngülləşdirilməsi ilə bağlı apelyasiya şikayəti üzrə qərar elan edilib.
Qərara görə, Baş Prokurorluğun Türkel Əsədullazadənin barəsində ömürlük cəzanın təyin edilməsi barədə apelyasiya protesti, təqsirləndirilən şəxsin isə cəzasını daha yüngül cəza ilə əvəz edilməsinə dair apelyasiya şikayəti təmin edilməyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvəsində saxlanılıb.
İttihama görə, 2012-ci il iyunun 5-də, saat 15 radələrində Bakının Suraxanı rayonunda fəaliyyət göstərən "Altun" istirahət mərkəzinin sahibi Asif Əsədullazadənin oğlu Türkel həmin rayonun Yeni Günəşli qəsəbəsində yerləşən "Badi-Kübə" Mənzil-tikinti kooperativinə məxsus binanın qarşısında atasına məxsus ov tüfəngindən atəş açaraq MTK-nın işçisi Samid Məmmədovu öldürüb.
Sonuncunun xalası oğlu, həmçinin MTK-nın təsisçisi və sədri Ədalət Qəmbərovu isə ağır yaralayıb. Sonuncu vaxtında xəstəxanaya çatdırıldığından həyatını xilas etmək mümkün olub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Türkel Əsədullzadə 15 il müddətinə azadlıqdan məhrum edilib.