...

Azərbaycanda adam oğurluğu ilə məşğul olan şəxslərə hökm oxundu

Cəmiyyət Materials 19 İyul 2013 13:27 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam oğurluğunda təqsirli bilinən Şahin Əliyev və Əhməd Həsənovun cinayət işi üzrə məhkəmə başa çatıb.
Azərbaycanda adam oğurluğu ilə məşğul olan şəxslərə hökm oxundu

Azərbaycan, Bakı, 19 iyul /Trend, müxbir A.Məmmədov/

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam oğurluğunda təqsirli bilinən Şahin Əliyev və Əhməd Həsənovun cinayət işi üzrə məhkəmə başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsindən Trend-ə verilən məlumata görə, prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Şahin Əliyev 11 il, Əhməd Həsənov 9 il müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, ittihama görə, ötən il noyabrın 20-də Yeni Suraxanı qəsəbə sakinləri Şahin Əliyev və Əhməd Həsənov qabaqcadan əlbir olan cinayətkar qrup təşkil etməklə tanışı Orxan Nağıyevi əvvəllər ona verdikləri 15 min manat pulu tələb etmək məqsədilə Ə.Həsənovun yaşadığı evin həyətindəki toyuq hinində saxlamaqla həmin gün saat 23:00 radələrinədək qanunsuz olaraq azadlıqdan məhrum ediblər.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 144.2.3, 144.2.5, 144.2.6-cı (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən, silahdan yaxud silah qismində istifadə edilən əşyalardan istifadə etməklə, tamah məqsədi ilə və ya sifarişlə adam oğurluğu), 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) və 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham ediliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti