Azərbaycan, Bakı, 24 iyul /Trend, müxbir M.Əliyev/
Türkdilli ölkələrin tələbələrinin maneəsiz təhsili üçün "Dədə Qorqud" təhsil proqramı layihəsi Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan parlamentlərinə təqdim olunub. Bu barədə Trend-ə Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) baş katibi Ramil Həsənov bildirib.
Baş katib qeyd edib ki, ölkə parlamentləri təhsil proqramına müvafiq olaraq qanunvericiliklərində dəyişiklik etsələr, "Erasmus" proqramı kimi, türkdilli ölkələrin də tələbələri maneəsiz təhsil hüququ alacaqlar".
Həsənovun sözlərinə görə, TürkPA-ya daxil olan ölkələrin birində təhsil alan tələbənin diplomunun digərlərində tanınması, təhsilinin qalan hissəsini başqa türkdilli ölkədə davam etdirməsi və digər məsələlər proqramda öz əksini tapır.
"Dədə Qorqud" təhsil proqramı bu il İstanbulda keçirilən TürkPA Asambleya Şurasında təsdiq olunub.
"Dədə Qorqud" proqramı təsdiq olunacağı təqdirdə, Azərbaycan tələbələri Türkiyə, Qazaxıstan və Qırğızıstanda təhsil almaq üçün geniş imkan əldə edə bilərlər.