Azərbaycan, Bakı, 22 avqust /Trend, müxbir İ.İsabalayeva/
Son 8 ildə İKT sahəsində icra olunmuş "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər)" və "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində respublikanın 4522 ümumtəhsil məktəbinin 83 faizi, 110 texniki peşə müəssisəsinin 84 faizi, 56 dövlət orta ixtisas təhsili müəssisəsinin və ali məktəblərin hamısı kompüter avadanlığı ilə təmin olunub.
Trend Təhsil Nazirliyinin saytına istinadən xəbər verir ki, hazırda respublikanın ümumtəhsil müəssisələrində V-XI siniflər üzrə 16 şagirdə, dövlət ali məktəblərində isə hər 28 tələbəyə 1 kompüter düşür.
Təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi məqsədi ilə "1 şagird : 1 kompüter" layihəsinin sınaqdan keçirilməsi üçün bir sıra pilot məktəblər seçilib. Layihəyə 15 pilot məktəb (Bakıda 12 məktəb, Sumqayıtda 2 məktəb və Xaçmazda 1 məktəb) cəlb edilib. Bu məktəblərə ümumilikdə 2000-dən çox netbuk paylanılıb və məktəblərdə simsiz internetlə təmin edilib.
Elektron təhsil texnologiyalarının tətbiqinin genişləndirilməsi məqsədi ilə "Elektron Məktəb" layihəsi 2008-ci ildən etibarən həyata keçirilir. Hazırda 50 təhsil müəssisəsi layihəyə cəlb edilib ki, onların da 43-ü orta ümumtəhsil məktəbləridir. "Elektron Məktəb" layihəsinə qoşulan məktəblərdə elektron jurnallardan və valideyn nəzarət sistemindən istifadə olunur. Bu vasitələrlə məktəblərin daxili idarəetməsi həyata keçirilir, şagirdlərin qiymətləndirilməsi üçün elektron jurnallardan istifadə olunur, valideynlər öz uşaqlarının davamiyyətini onlayn rejimdə və ya SMS vasitəsilə izləyə bilir.