...

Azərbaycanda əsir, itkin düşmüş və girov götürülmüş şəxslərin sayı artıb

Cəmiyyət Materials 26 Avqust 2013 16:27 (UTC +04:00)
1 avqust 2013-cü il tarixinə Azərbaycanda əsir, itkin düşmüş və girov götürülmüş şəxslərin sayı 4035 nəfər təşkil edib. Onlardan 3263 nəfər hərbçi, 771 nəfəri mülki şəxsdir. 3 nəfərin hərbçi və ya mülki olduğu məlum deyil.
Azərbaycanda əsir, itkin düşmüş və girov götürülmüş şəxslərin sayı artıb

Azərbaycan, Bakı, 26 avqust /Trend, müxbir İ.İzzət/

1 avqust 2013-cü il tarixinə Azərbaycanda əsir, itkin düşmüş və girov götürülmüş şəxslərin sayı 4035 nəfər təşkil edib. Onlardan 3263 nəfər hərbçi, 771 nəfəri mülki şəxsdir. 3 nəfərin hərbçi və ya mülki olduğu məlum deyil.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, komissiyanın İşçi qrupu tərəfindən 2012-ci il ərzində keçirilmiş axtarış-araşdırma tədbirləri nəticəsində komissiyada itkin düşmüş şəxs kimi qeydiyyata alınmış şəxslərdən 38 nəfərin taleyinə aydınlıq gətirilib, onların adları itkinlərin siyahısından çıxarılıb. Həmin şəxslərdən 5 nəfərinin döyüşlərdən və mühasirələrdən sağ çıxdığı, 5 nəfərin döyüşlərdə həlak olduğu, meyitlərinin tanınaraq dəfn edildiyi, 26 nəfərin isə siyahılardan təkrar keçdiyi, 2 nəfərin isə münaqişə bölgəsindən kənarda itkin düşdüyü müəyyən edilib.

Mülki şəxslərdən 46 nəfəri itkin düşərkən yetkinlik yaşına çatmamış uşaq (16 nəfər azyaşlı qız), 255 nəfər qadın, 353-ü yaşlı şəxsdir (154 nəfər qadın).

Əsir, itkin düşmüş 4035 nəfərdən 877 nəfərin əsir və girov götürülməsi barədə məlumatlar daxil olub, şahid ifadələri alınıb.

Münaqişə müddətində 1402 nəfər əsir və girovluqdan azad edilib. Onlardan 342-si qadın, 1059-u kişidir. Eyni zamanda, 177 nəfər uşaq (64 nəfər azyaşlı qız), 289-u yaşlı şəxsdir (112 nəfər yaşlı qadın).

Dövlət Komissiyasına daxil olmuş materialların təhlili zamanı 553 nəfərin əsir və girovluqda qətlə yetirildiyi və ya müxtəlif səbəblərdən vəfat etdiyi müəyyən edilib. Onlardan 104-ü qadın, 448-i kişidir. 137-nin yalnız adı məlumdur, 74 nəfər isə naməlum şəxslərdir.

Qeyd edək ki, 1 iyul 2013-cü il tarixə olan məlumata əsasən, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında itkin düşmüş və girov götürülmüş şəxs kimi qeydiyyatda olanların sayı 4033 nəfər təşkil edirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti