...

İctimai Televiziyada bir sıra kadr dəyişiklikləri rəsmən təsdiqlənib

Cəmiyyət Materials 3 Sentyabr 2013 19:17 (UTC +04:00)
İctimai Televiziya və Radio Yayımları Şurasının sentyabrın 3-də keçirilən toplantısında İTV-də baş tutan bir sıra kadr dəyişiklikləri rəsmən təsdiqlənib.
İctimai Televiziyada bir sıra kadr dəyişiklikləri rəsmən təsdiqlənib

Azərbaycan, Bakı, 3 sentyabr /Trend/

İctimai Televiziya və Radio Yayımları Şurasının sentyabrın 3-də keçirilən toplantısında İTV-də baş tutan bir sıra kadr dəyişiklikləri rəsmən təsdiqlənib.

İTV-dən Trend-ə verilən məlumata görə, öz ərizəsi ilə işdən gedən Oqtay Bayramovu bundan sonra baş direktor müavini vəzifəsində Şaiq Məmməd oğlu Məmmədov əvəzləyəcək. O, bundan əvvəl Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində Beynəlxalq proqramlar redaksiyasının baş redaktoru, ingilis dilində "Həftə" analitik-informasiya proqramının müəllifi və aparıcısı olub. Ş.Məmmədov Azərbaycan Dillər Universitetinin Sinxron tərcümə fakültəsinin və Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsinin məzunudur, ingilis, rus, ərəb və türk dillərini bilir.

İTV-nin Analitik proqramlar departamentinin direktoru Anar Yusifoğlu da yazdığı ərizə əsasında tutduğu vəzifədən azad edilib. Kino və dublyaj departamentinin direktoru Füzuli İsmayılov baş direktorun sentyabrın 3-də imzaladığı əmrə əsasən bundan sonra Analitik proqramlar departamentinin rəhbəri işləyəcək. F.İsmayılov 2005-ci ildən İTV-də müxtəlif sahələrə rəhbərlik edib, bir sıra analitik proqramların müəllifi və aparıcısı kimi də tanınıb.

İnformasiya proqramları departamentinin direktoru vəzifəsinə 2005-ci ildən İctimai Televiziya və Radio Yayımları Şirkətində bir sıra analitik proqramların müəllifi və aparıcısı kimi fəaliyyət göstərmiş Mehparə Quliyeva təyin edilib. Bu departamentə rəhbərlik etmiş İlham Sərxanlı isə öz ərizəsi ilə İctimai Radioya aparıcı vəzifəsinə keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti