...

İşəgötürənin işçiyə vurduğu ziyanla bağlı yaranan mübahisə necə həll olunmalıdır?

Cəmiyyət Materials 13 Sentyabr 2013 11:00 (UTC +04:00)
Bəzən iş fəaliyyəti əsasında müxtəlif səbəblərdən işəgötürən tərəfindən işçiyə ziyan vurulur. Ümumiyyətlə, əmək münasibətləri prosesində işçi və işəgötürən bir-birinə vurduğu ziyana görə qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Lakin işəgötürənin işçiyə ziyan vurması hallarına təcrübədə çox rast gəlinsə də, həmin ziyanın işəgötürən tərəfindən ödənilməsi halları çox azdır. Bəs əslində bu məsələ necə həll edilməlidir?
İşəgötürənin işçiyə vurduğu ziyanla bağlı yaranan mübahisə necə həll olunmalıdır?

Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir İ.İzzət/

Bəzən iş fəaliyyəti əsasında müxtəlif səbəblərdən işəgötürən tərəfindən işçiyə ziyan vurulur. Ümumiyyətlə, əmək münasibətləri prosesində işçi və işəgötürən bir-birinə vurduğu ziyana görə qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Lakin işəgötürənin işçiyə ziyan vurması hallarına təcrübədə çox rast gəlinsə də, həmin ziyanın işəgötürən tərəfindən ödənilməsi halları çox azdır. Bəs əslində bu məsələ necə həll edilməlidir?

Trend-in sorğusuna cavab olaraq Bakı Hüquq Mərkəzi (BHM) hüquq şirkətinin hüquq məsləhətçisi Pərviz Zamanlı bildirib ki, Əmək Məcəlləsi ilə işəgötürənin işçiyə vurduğu ziyana görə maddi məsuliyyət daşıdığı 9 hal müəyyənləşib: "Bunlar əmək müqaviləsinə qanunsuz və əsassız xitam verilməsi nəticəsində məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda; əmək mübahisələrinin həlli zamanı işçiyə dəyən maddi və ya mənəvi ziyanın məbləği məhkəmənin qətnaməsi (qərarı) ilə müəyyən edildikdə; işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə baş vermiş istehsalat qəzası nəticəsində əmək funksiyasını yerinə yetirərkən işçinin sağlamlığına və səhhətinə ziyan vurulduqda, habelə bu səbəbdən həlak olması ilə əlaqədar onun ailə üzvlərinə, himayəsində olan şəxslərə müvafiq maddi ziyan dəydikdə; əmək funksiyasını yerinə yetirərkən işçinin şəxsi əşyalarının və ya digər əmlakının işəgötürən tərəfindən mühafizəsi, saxlanılması lazımi qaydada təşkil olunmadığına görə onların korlanması, oğurlanması nəticəsində ziyan vurulduqda, həmçinin bu əşyaların fiziki aşınması ilə əlaqədar ziyan dəydikdə; işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə; əmək müqavilələrinə işçilərin hüquqlarını qüvvədə olan qanunvericiliyə, kollektiv müqaviləyə və sazişə nisbətən məhdudlaşdıran şərtlərin işəgötürən tərəfindən daxil edilməsi nəticəsində işçilərə maddi, mənəvi ziyan dəydikdə; əmək müqaviləsi ləğv edildikdən sonra işəgötürən tərəfindən hər hansı üsulla işçinin şəxsi və peşəkarlıq keyfiyyətlərinin aşağı səviyyədə olması barədə həqiqətə uyğun olmayan, habelə şəxsiyyətini ləkələyən digər məlumatlar yaydığına görə işə düzələ bilməməsi ilə əlaqədar işçiyə maddi və mənəvi ziyan vurulduqda; əmək müqaviləsi üzrə işəgötürən digər öhdəliklərini yerinə yetirmədiyinə görə işçiyə maddi ziyan dəydikdə; işçi seksual qısnamaya məruz qaldıqda."

Onun sözlərinə görə, qeyd olunan hallar işçi tərəfindən aşkar edildikdə, habelə müvafiq səlahiyyətli vəzifəli şəxsin (orqanın) qərarı, rəyi, arayışı, habelə məhkəmənin hökmü (qətnaməsi, qərarı) ilə müəyyən olunduqda, işçiyə dəyən maddi ziyan ödənilir:

"İşçinin şəxsi əşyalarına və digər əmlakına vurulan ziyanın məbləği ziyan dəyən anda mövcud olan bazar qiymətləri ilə müəyyən edilir. Bu halda tərəflərin razılığı ilə əmlakına dəyən ziyan işçiyə natura şəklində də ödənilə bilər."

Hüquqşünas bildirib ki, əgər işəgötürən əmək müqaviləsi bağlayarkən və ya sonralar işçinin öz əmək funksiyasını yerinə yetirmək üçün ona məxsus əmək alətlərindən, vasitələrindən və digər əşyalardan (işçinin şəxsi mülkiyyətində olan və öz əmək funksiyasını yerinə yetirmək üçün gətirdiyi maşın və mexanizmlər, elektron və mexaniki cihazlar, rabitə və nəqliyyat vasitələri, qurğuları, habelə dəyəri minimum əmək haqqının iki mislindən çox olan əl əməyi vasitələri) istifadə edilməsi barədə razılığa gəlmişdirsə, onda o, işçinin şəxsi əşyalarına vurulan ziyana görə maddi məsuliyyət daşıyır: "İşəgötürən işçiyə öz şəxsi əmək alətlərini və digər əşyaları müəssisəyə gətirməyə icazə verməyibsə, lakin işçi bunun əksinə olaraq əmək funksiyasının icrası üçün həmin əşyaları gətirib onlardan istifadə edibsə, bu halda işəgötürən yalnız işçinin əmlakına qəsdən vurduğu ziyana görə müəyyən olunmuş qaydada maddi məsuliyyət daşıyır."

Zamanlı qeyd edib ki, işçi ona vurulmuş maddi ziyanın məbləğinin ödənilməsi barədə işəgötürənə ərizə ilə müraciət etməlidir. İşəgötürən işçinin ərizəsində göstərdiyi iddiasını araşdırmalı və 15 gün müddətində müvafiq qərar qəbul edərək ona yazılı cavab verməlidir.

"İşçi, bütövlükdə və qismən işəgötürənin qərarı ilə razılaşmadıqda, habelə müəyyən edilmiş müddət ərzində ona yazılı cavab verilmədikdə dəyən ziyanın ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər."

Onun sözlərinə görə, vurulan ziyanın ödənilməsi ilə bağlı tərəflər qarşılıqlı razılıq əsasında belə mübahisələrin həlli üçün başqa qaydalar da müəyyən edə bilərlər. Lakin bu qaydalar işçinin məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdıra bilməz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti