...

ARDNŞ: 3 milyon manat elmi-tədqiqat işlərinin aparılması və digər zəruri tədbirlərin maliyyələşdirilməsinə ayrılıb

Cəmiyyət Materials 25 Sentyabr 2013 20:44 (UTC +04:00)
ARDNŞ 3 milyon manat vəsaiti bir kitabın nəşrinə deyil, elmi-tədqiqat işlərinin aparılması, gənc tədqiqatçıların dəstəklənməsi, yeni texnologiyaların yaradılması və digər zəruri tədbirlərin maliyyələşdirilməsinə ayırıb.
ARDNŞ: 3 milyon manat elmi-tədqiqat işlərinin aparılması və digər zəruri tədbirlərin maliyyələşdirilməsinə ayrılıb

Azərbaycan, Bakı, 25 sentyabr /Trend/

ARDNŞ 3 milyon manat vəsaiti bir kitabın nəşrinə deyil, elmi-tədqiqat işlərinin aparılması, gənc tədqiqatçıların dəstəklənməsi, yeni texnologiyaların yaradılması və digər zəruri tədbirlərin maliyyələşdirilməsinə ayırıb. Bu barədə ARDNŞ-nin Hüquq İdarəsinin rəisi Eldar Orucov Trend-in sorğusuna cavabında bəzi KİV-lərdə Dövlət Neft Şirkətinin "Azərbaycan nefti" monoqrafiyasının ingilis dilinə tərcüməsi və nəşrinə 3 milyon manat vəsait ayırması barədə yayılan məlumatlara aydınlıq gətirərkən deyib.

E.Orucov bildirib ki, yazıda qeyd edilənlər həqiqətəuyğun deyil, yanlış məlumatlar əsasında dərc edilib ki, bu da ictimaiyyətdə mənfi fikrin formalaşması ilə nəticələnib:

"Belə ki, ARDNŞ ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq qurumunun birgə apardığı araşdırma zamanı saytda yerləşdirilmiş cədvəldə olan "Qrantın məqsədi" hissəsində texniki səhv olaraq "Azərbaycan Nefti" monoqrafiyasının ingilis dilinə tərcüməsi və nəşri" qeyd edilməsi və bu məlumatın da həmin cədvəlin 91-ci bəndində olan qeydiyyat məlumatları ilə eynilik təşkil etdiyi müəyyən edilib".

Onun sözlərinə görə, dərc olunmuş yazıda sözügedən "Azərbaycan Nefti" monoqrafiyasının ingilis dilinə tərcüməsi və nəşrinə 21 825 manat qrant ayrılıb (91-ci bənddə). Həmin 38-ci bənddə göstərilmiş 3 000 000 manat vəsait isə "Azərbaycan Nefti" monoqrafiyasının ingilis dilinə tərcüməsi və nəşri üçün deyil, "Təhsil, elm və innovasiya sahəsində qarşılıqlı maraq kəsb edən elmi-tədqiqat işlərinin aparılması, bu sahədə gənc tədqiqatçıların dəstəklənməsi, yeni və rəqabətə davamlı texnologiyaların yaradılması və tətbiq olunması, eləcə də bununla əlaqədar digər zəruri tədbirlərin maliyyələşdirilməsi" adlı layihənin həyata keçirilməsi məqsədilə ayrılıb və həmin qrant müqaviləsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti idarəsinin 08.02.2013-cü il tarixli, 11/227 nömrəli cavab məktubuna əsasən 04.02.2013-cü il tarixində qeydiyyata alınıb.

E.Orucov deyib: "Qeyd etməliyik ki, bu barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə məlumat verildikdən sonra həmin texniki səhv dərhal aradan qaldırılmışdır. Göründüyü kimi, buraxılmış həmin texniki səhvdən istifadə edən bəzi KİV-lər və digər informasiya mənbələri həmin məlumatı araşdırmadan, təhqiqatını aparmadan yayımlayıblar ki, bu da nəticədə ARDNŞ-nin işgüzar nüfuzuna xələl gətirən və ictimaiyyətdə yalnış fikir formalaşdıran məlumat kimi müşahidə olunub".

İdarə rəisi qeyd edib ki, məlum olduğu kimi, ARDNŞ tərəfindən elm, eləcə də elmin inkişafına təkan verən layihələr dəstəklənir, əhalinin bu istiqamətdə marifləndirilməsi üçün zəruri tədbirlər görülür. Bütün bu görülən tədbirlər ARDNŞ-nin beynəlxalq təcrübəyə uyğun hazırlanmış və müvafiq qaydada təsdiq edilmiş "şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə" standartına uyğun aparılır.

"ARDNŞ-nin elmin inkişafına göstərdiyi dəstək 20 sentyabrda "Neftçilər günü" münasibət ilə keçirilən tədbirdə də bir daha öz təsdiqini tapmışdır. Belə ki, "Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondu" Azərbaycan Milli Elmlər Akademiyası sistemində fəaliyyət göstərən və neft-qaz, neft-kimya sənayesi ilə bağlı aktual və müasir elmi problemlərin həlli ilə məşğul olan alimlərin, yaradıcı kollektivlərin elmi fəaliyyətini stimullaşdırmaq, həmçinin Azərbaycan Respublikasında fundamental və tətbiqi xarakterli elmi-tədqiqatları daha da inkişaf etdirmək məqsədilə 2013-cü ildə müsabiqə elan edilib. Həmin müsabiqənin nəticəsi olaraq AMEA-nın və ARDNŞ-nin aparıcı alim və mütəxəssislərindən təşkil edilmiş komissiya tərəfindən keçirilmiş ekspertizaya uyğun olaraq təqdim olunmuş 66 layihədən 36-sı qalib elan olunub və qaliblərə müvafiq sertifikatlar təqdim edilib. Bu hadisə, eləcə də əvvəllər ARDNŞ tərəfindən elmə və təhsilə göstərilən dəstək tanınmış alimlər, ictimai xadimlər tərəfindən yüksək qiymətləndirilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti