...

Azərbaycanda virus yayılandan indiyədək 153 baş iribuynuzlu heyvan tələf olub

Cəmiyyət Materials 27 Sentyabr 2013 18:36 (UTC +04:00)
Aparılan müalicə tədbirləri sayəsində Azərbaycanda saxlanılan iribuynuzlu heyvanlar arasında bunyavirus ailəsinə məxsus şamonda, akabena, aina viruslarının qarışığından yaranan şmallenberq virus xəstəliyinə yoluxmanın sayı günbəgün azalır.
Azərbaycanda virus yayılandan indiyədək 153 baş iribuynuzlu heyvan tələf olub

Azərbaycan, Bakı, 27 sentyabr /Trend/

Aparılan müalicə tədbirləri sayəsində Azərbaycanda saxlanılan iribuynuzlu heyvanlar arasında bunyavirus ailəsinə məxsus şamonda, akabena, aina viruslarının qarışığından yaranan şmallenberq virus xəstəliyinə yoluxmanın sayı günbəgün azalır.

Dövlət Baytarlıq Xidmətindən Trend-ə verilən məlumata görə, hazırda 515 baş heyvanda simptomatik (kənd təsərrüfatı heyvanlarının infeksion xəstəlikləri zamanı orqanizminin müxtəlif funksiyalarının normallaşmasına yönəldilən müalicə) müalicə tədbirləri aparılır. Qeyd edək ki, bu virus xəstəliyinə görə müalicə edilən bütün heyvanlar həyat fəaliyyətlərini və məhsulvermə qabiliyyətlərini bərpa ediblər.

Xəstəliyin yayıma arealında və rayonların sayında da ciddi azalma müşahidə edilir. Belə ki, xəstəlik qeydə alınmış rayonların sayı 42-dən (xəstəlik Oğuz rayonunda da qeydə alınıb) 20-yə enib. Hazırda havaların nisbətən sərinləşməsi xəstəliyin azalmasına, virus daşıyan qansoran həşəratların aktivliyinin xeyli zəifləməsinə gətirib çıxarıb.

Xəstəlik başlayandan indiyədək 153 baş iribuynuzlu heyvanın tələf olması qeydə alınıb. Bu isə ümumi müalicəyə cəlb edilmiş heyvanların 0,06 faizini təşkil edir. Tələf olma hadisələri bu xəstəlikdən yox, yanaşı gedən, o cümlədən qan-parazitar və digər xəstəliklərdən baş verib. Tələf olan heyvanlar baytar həkimlərinin nəzarəti altında üzərinə xlorlu əhəng səpilərək basdırılır və ərazi dezinfeksiya edilir.

Xəstəlik başlayandan indiyədək 209 baş iribuynuzlu heyvanda balasalma qeydə alınıb. Balasalma hadisəsi baş vermiş təsərrüfatlarda baytarlıq-sanitariya tədbirləri həyata keçirilib, ərazi dezinfeksiya olunub.

Xəstəliyə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti tam nəzarət edir, yeni yoluxan heyvanlarda müalicə, sağlam heyvanlarda çimizdirilmə, ərazidə isə dezinfeksiya tədbirləri aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti