...

Baş Prokurorluqda Milli Prokurorluğun yaradılmasının 95-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib

Cəmiyyət Materials 1 Oktyabr 2013 18:16 (UTC +04:00)
Xalqımızın ümummilli lideri Heydər Əliyevin sərəncamına əsasən 1998-ci ildən etibarən hər il öz peşə bayramlarını qeyd etmək imkanı əldə edən Azərbaycan Respublikası Prokurorluğunun kollektivi bu gün milli prokurorluq orqanlarının yaradılmasının 95 illik yubileyini və öz növbəti peşə bayramını təntənəli şəkildə qeyd edir.
Baş Prokurorluqda Milli Prokurorluğun yaradılmasının 95-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir İ.İzzət/

Xalqımızın ümummilli lideri Heydər Əliyevin sərəncamına əsasən 1998-ci ildən etibarən hər il öz peşə bayramlarını qeyd etmək imkanı əldə edən Azərbaycan Respublikası Prokurorluğunun kollektivi bu gün milli prokurorluq orqanlarının yaradılmasının 95 illik yubileyini və öz növbəti peşə bayramını təntənəli şəkildə qeyd edir.

Bu günlərdə Azərbaycan Prokurorluğunun tarixində digər əlamətdar hadisə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin yeni inzibati binasının istifadəyə verilməsi olmuşdur. 30 sentyabr 2013-cü il tarixində Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin yüksək memarlıq səviyyəsində tikilmiş yeni inzibati binasının istifadəyə verilməsi mərasimində Dövlət başçısı cənab İlham Əliyev iştirak etmişdir.

Böyük iftixar hissi doğuran haldır ki, ölkə Prezidenti prokurorluq işçilərinin peşə bayramı münasibətilə prokurorluğun bütün şəxsi heyətini təbrik etmiş və onlara fəaliyyətlərində uğurlar diləmişdir. Prokurorluğun kollektivi bu təbriki işimizə verilən mühüm qiymətin təzahürü kimi çox yüksək qiymətləndirir və fəaliyyətimizin bu tələblər səviyyəsində təşkili üçün qüvvələrini tamamilə səfərbərliyə alacaqdır.

Prokurorluq işçiləri ilə görüşərkən Dövlət başçısı ölkədə korrupsiyaya qarşı mübarizə ilə bağlı bir sıra mühüm məqamlara toxunmuşdur. Korrupsiyaya qarşı mübarizənin aparılmasında möhkəm siyasi iradənin olduğunu xüsusi olaraq qeyd edən Prezident, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin işini qiymətləndirmiş və diqqətə çatdırmışdır ki, bu mübarizə prioritet məsələdir. Dövlət başcısı bildirmişdir ki, korrupsiyanın əhatə dairəsi daim nəzarətdə saxlanılmaqla, ona qarşı mübarizədə cəza tədbirləri, inzibati və profilaktiki tədbirlər, maarifləndirmə, sistem xarakterli islahatların, o cümlədən "elektron hökumət"in imkanlarından geniş istifadə olunmalı, bütün sistemin şəffaflaşdırılması təmin edilməlidir. Eyni zamanda, bu sahədə müvafiq beynəlxalq təcrübənin daim öyrənilməsi və tətbiq olunmasının zəruriliyi qeyd edilmiş, bütün beynəlxalq qurumlar, o cümlədən Beynəlxalq Antikorrupsiya Akademiyası ilə əməkdaşlığın inkişaf etdiriliəsi diqqətə çatdırılmışdır. Dövlət başçısının tövsiyə və göstərişlərinin yerinə yetirilməsi istiqamətində prokurorluq orqanlarında müvafiq tədbirlər müəyyənləşdirilmişdir.

Prokurorluğun peşə bayramı günü münasibətilə 1 oktyabr 2013-cü il tarixdə Baş Prokurorluğun, Respublika Hərbi və Bakı şəhər prokurorluğu orqanlarının kollektivi Fəxri xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət etməklə, ümummilli liderimizin və xalqımızın azadlığı yolunda şəhid olmuş həmvətənlərimizin unudulmaz xatirəsini dərin ehtiramla yad etmişlər.

Ziyarətdən sonra Baş Prokurorluqda "1 Oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü" və Milli Prokurorluğun yaradılmasının 95-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilmişdir.

Mərasimi açan Baş prokuror Zakir Qaralov 95 illik yubiley və peşə bayramı günü münasibətilə Baş Prokurorluğun rəhbərliyi və Kollegiyası adından prokurorluq orqanlarında çalışan bütün əməkdaşları, təqaüddə olan ağsaqqal və ağbirçək veteranları, onların ailə üzvlərini səmimi qəlbdən təbrik edərək, xüsusi vurğulamışdır ki, Azərbaycan Prokurorluğunun demokratik məzmunda tamamilə yenidən formalaşması, mili maraqlarımıza xidmət edən bir təsisat kimi hərtərəfli təkmilləşməsi və müasirləşməsi məhz ulu öndər Heydər Əliyevin həyata keçirdiyi dövlətçilik siyasəti və onun gündəlik qayğısı nəticəsində mümkün olmuşdur.

Diqqətə çatdırılmışdır ki, xalqının təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin 1993-cü ilin ikinci yarısından başlayaraq həyata keçirdiyi müdrik dövlətçilik siyasətinin nəticəsi olaraq, bütün digər qurumlarla yanaşı Azərbaycan Prokurorluğu da demokratik məzmunlu dövlət təsisatı kimi tamamilə yenidən formalaşdırılmaqla, dövlətçiliyimizin mühüm sütunlarından birinə çevrilmiş, onun dövlətçiliyə sədaqəti ilə seçilən kadr korpusu yaradılmışdır. Azərbaycan Respublikasında reallaşdırılan mütərəqqi məhkəmə-hüquq islahatları çərçivəsində milli prokurorluq orqanları müasir məzmunda yeniləşdirilməklə, cəmiyyətdə statusuna uyğun yerini tutmuşdur.

Ulu öndər Heydər Əliyevin prokurorluq orqanlarının rəhbər işçiləri ilə 26 aprel 2000-ci ildə keçirdiyi görüşdən sonra Azərbaycan Prokurorluğunda hərtərəfli və bütün sahələri əhatə edən islahatlar aparılmaqla, fəaliyyətimiz üçün zəruri normativ-hüquqi bazanın yaradılması, "Prokurorluq haqqında" Qanunda nəzərdə tutulmuş istiqamətlər üzrə işin səmərəli təşkili, yüksək tələblər səviyyəsində işləmək bacarığı olan kadr korpusunun formalaşdırılması, bütün neqativ hallara, vəzifədən sui-istifadə, istintaq zamanı ədalətsiz qərarların qəbul edilməsi, qanunsuz yoxlamaların keçirilməsinə qarşı prinsipial və qətiyyətli mübarizə aparılmaqla ciddi nəzarət mexanizminin yaradılması, prokurorluğun maddi-texniki təminat və işçilərin sosial müdafiəsi məsələlərinin beynəlxalq standartlara uyğunlaşdırılması təmin olunmuşdur.

Nəzərə çatdırılmışdır ki, 2003-cü ildən başlayaraq davam edən dövr ərzində, mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürlərinə qarşı qətiyyətli mübarizə aparılaraq prokurorluğun işində ciddi qayda-qanun yaradılması, fəaliyyətin müasir tələblər səviyyəsində qurulması, maddi-texniki bazanın möhkəmləndirilməsi və əməkdaşların hərtərəfli dövlət qayğısı ilə əhatə olunması məqsədilə dövlət səviyyəsində zəruri tədbirlərin görülməsi təmin edilmişdir.

Xüsusi diqqətə çatdırılmışdır ki, 27 sentyabr 2008-ci il tarixli Sərəncamla təsdiq edilmiş "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı" prokurorluq orqanlarının yeniləşməsi və işinin təkmilləşməsi yolunda mühüm əhəmiyyət kəsb edən tədbir olmuşdur. Prokurorluğun fəaliyyətinin bütün sahələrini əhatə edən Dövlət Proqramının icrası istiqamətində həyata keçirilən tədbirlərin nəticəsi olaraq, işin beynəlxalq standartlar səviyyəsində təşkilinə, hüqüq-mühafizə orqanları ilə qarşılıqlı əlaqəli fəaliyyətin səmərə və kəsərliliyinin artırılmasına, elmi-texniki tərəqqinin imkanlarından geniş istifadə edilməklə müasir informasiya-kommunikasiya sisteminin qurulmasına, yeni nəsil prokurorluq işçilərinin formalaşdırılmasına, işdə tam şəffaflıq və aşkarlıq şəraitinin yaradılmasına, prokurorluq orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi və işçilərin sosial müdafiəsinin gücləndirilməsinə nail olunmuşdur.

Mərasimdə qeyd edlilmişdir ki, ötən peşə bayramından keçən dövr ərzində "Prokurorluq haqqında" qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin düzgün təşkili, istintaq fəaliyyətinin təkmilləşdirilməsi, habelə ibtidai araşdırmaya prosessual rəhbərliyin və istintaq üzərində prokuror nəzarəti, dövlət ittihamının müdafiəsi, vətəndaşların müraciətlərinə baxılması və onların qəbulu işinin səmərəliliyinin yüksəldilməsi, mövcud çatışmazlıqların təxirəsalınmadan aradan qaldırılmaqla ciddi nəzarət mexanizminin yaradılması, xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi istiqamətində zəruri tədbirlər görülmüşdür.

Dövlət səviyyəsində göstərilən yüksək diqqətin nəticəsi olaraq, ixtisaslaşdırılmış qurum kimi Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin fəaliyyəti üçün normal şəraitin yaradılması, əməkdaşların sayı əhəmiyyətli dərəcədə artırılmaqla çevik fəaliyyəti təmin etməyə qadir yeni strukturun formalaşdırılması, MDB məkanında, habelə Azərbaycan tarixində ilk dəfə olaraq, bu quruma əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi səlahiyyətinin verilməsi, işçilərin sosial müdafiəsinin gücləndirilməsi və digər bu kimi islahat tədbirləri korrupsiya hallarının qarşısının alınması və onları doğuran səbəblərin aradan qaldırılması istiqamətində qabaqlayıcı tədbirlərin səmərəliliyini daha da artırmış, profilaktiki fəaliyyət daha da gücləndirilmişdir. Bütün bunlar öz real nəticələrini Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən həyata keçirilən tədbirlərdə və statistik göstəricilərdə özünü göstərir ki, bu barədə ictimaiyyət mütəmadi olaraq məlumatlandırılır.

Xüsusi vurğulanmışdır ki, ölkəmizdə reallaşdırılan dövlət gənclər siyasətinin tələblərinə müvafiq olaraq, mütərəqqi və şəffaf prosedurlar əsasında prokurorluğun kadr korpusunun yeniləşdirilməsi istiqamətində aparılan məqsədyönlü işlərin nəticəsi kimi, 2002-ci ildən başlayaraq keçirilən müsabiqə yolu ilə qulluğa qəbulun tətbiqi nəticəsində işə götürülən 553 gənc hüquqşünas Azərbaycan Respublikası Prokurorluğunun kadr korpusunun 52 faizdən çoxunu təşkil etməsi, müxtəlif sahələrdə səmərəli fəaliyyəti, həmin gənclərin bir çoxunun rəhbər və yuxarı təsnifatlar üzrə vəzifələrə irəli çəkilməsi, alternativi olmayan bu kadr seçimi vasitəsinin tətbiqinin bundan sonra da davam etdiriləcəyinə əminlik yaratmışdır.

Təqdirəlayiq hal kimi diqqətə çatdırılmışdır ki, həyata keçirilmiş struktur dəyişiklikləri nəticəsində yeni yaradılmış İnformasiya texnologiyalarının tətbiqi xidməti tərəfindən "Elektron hökumət" layihəsi çərçivəsində prokurorluq orqanlarında "Elektron Sənəd Dövriyyəsi" Proqramının yaradılması təmin olunmuş, 2012-ci ilin yanvar ayından Baş Prokurorluğun bütün struktur qurumlarında bu proqramın səmərəli tətbiqinin həyata keçirilməsinə başlanmış, hazırda Bakı şəhər və respublika tabeliyində olan rayon və şəhər prokurorluqlarının bu sistemə qoşulması prosesi mərhələli şəkildə reallaşdırılır. Eyni zamanda, yeni informasiya texnologiyalarının tətbiqi istiqamətində görülən işlərin intensivliyi artırılaraq, "Azərbaycan Respublikasında qeydə alınmış cinayət xarakterli məlumatlar üzrə cinayət təqibinin nəticələrinə dair" ("Elektron Cinayət") informasiya sisteminin yaradılması prosesi uğurla başa çatdırılmaqla onun təqdimat mərasimi keçirilmişdir.

Son dövrlərdə Azərbaycan Respublikası Prokurorluğunun digər hüquq mühafizə, ilk növbədə isə Daxili İşlər və Milli Təhlükəsizlik orqanları ilə əlaqəli birgə fəaliyyətin nəticəsi olaraq, əvvəlki illərlə müqayisədə, ölkədə kriminogen durum stabilləşmiş və cinayətkarlığın dinamikasında mənfi təzahürlərin qarşısı alınmışdır. Məqsədyönlü istintaq-əməliyyat tədbirləri nəticəsində, əvvəlki illərdə törədilməklə uzun müddət ərzində bağlı qalan bir çox ağır və xüsusilə ağır cinayətlərin açılması, çoxsaylı cinayətkar dəstələrin zərərsizləşdirilməsi və təqsirkar şəxslərin layiq olduqları məsuliyyətə cəlb edilməsi təmin olunmuşdur. Azərbaycan Respublikası əhalinin hər min nəfərinə düşən cinayətlərin sayına görə Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələr sırasında yaxşı göstəricisi olan ölkələrdəın biri kimi xarakterizə olunur. Cinayətkarlığa qarşı mübarizə sahəsində əldə edilən bu uğurlar ölkəmizdə möhkəm və dayanıqlı ictimai-siyasi sabitlik yaradılmasına yönəldilmiş dövlətçilik siyasətinin məntiqi nəticəsidir.

İnam ifadə olunmuşdur ki, dövlətçiliyə sədaqəti ilə seçilən prokurorluğun kollektivi və hər bir əməkdaşımız dövlət başçısının müəyyənləşdirdiyi vəzifələrin yerinə yetirilməsində və yeni məzmunlu mütərəqqi islahatların reallaşdırılması istiqamətində xidmətlərini göstərəcək, ölkəmizdə formalaşmış dayanıqlı ictimai-siyasi sabitliyin və milli maraqlarımızın cinayətkar qəsdlərdən qorunması, cinayətkarlığa qarşı mübarizə və vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi istiqamətində zəruri tədbirlərin görülməsini təmin edəcəklər.

Bundan sonra xidmətdə fərqləndiklərinə görə mükafatlandırılmış prokurorluq əməkdaşlarına Baş prokuror Zakir Qaralov tərəfindən "Prokurorluğun fəxri işçisi" döş nişanı, Fəxri fərmanlar, qiymətli hədiyyələr təqdim edilmişdir.

Mərasimin yekununda Azərbaycan Respublikası Prokurorluğunun kollektivi adından Prezident İlham Əliyevin ünvanına yekdilliklə müraciət qəbul edilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti