...

Səhiyyə Nazirliyi iki yüzə yaxın obyektin fəaliyyətini dayandırıb

Cəmiyyət Materials 17 Oktyabr 2013 12:10 (UTC +04:00)
Bu il yanvar-sentyabr ayları ərzində Azərbaycanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən yeyinti sahəsində işləyən 678 sahibkar inzibati qaydada cərimələnib.
Səhiyyə Nazirliyi iki yüzə yaxın obyektin fəaliyyətini dayandırıb

Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Bu il yanvar-sentyabr ayları ərzində Azərbaycanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən yeyinti sahəsində işləyən 678 sahibkar inzibati qaydada cərimələnib.

Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən (RGEM) Trend-ə verilən məlumata görə, sahibkarlar yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozduğu, laboratoriya müayinələri gigiyenik normalara cavab verməyən məhsullar istehsal etdiyi üçün cərimələniblər. Bu müddətdə 74 nəfər barədə materiallar inzibati orqanlara verilib.

Hesabat müddətində 198 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 231 nəfər işdən müvəqqəti kənarlaşdırılıb.

Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 8018, mikrobioloji göstəricilərinə görə 7515, toksikoloji göstəricilərinə görə 2145, radioloji göstəricilərinə görə isə 224 yeyinti məhsulu nümunəsi laboratoriya müayinələrinə cəlb olunub. Nümunələrin 134-də orqanoleptik və fiziki-kimyəvi, 84-də mikrobioloji göstəricilərinə görə normadan kənara çıxma müəyyən olunub.

Bu ilin 9 ayı ərzində iaşə müəssisələrindən 23848 yaxma, 303 soyuq qəlyanaltı nümunəsi götürülüb. Yaxma nümunələrinin 395-də, soyuq qəlyanaltıların 4-də bağırsaq çöpləri normadan artıq olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti