...

Bakıda ümumdünya yol qəzaları qurbanlarının xatirəsi anılıb

Cəmiyyət Materials 19 Noyabr 2013 13:12 (UTC +04:00)
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Ümumdünya Yol Qəzaları Qurbanlarının Xatirə Günü münasibətilə tədbir keçirilib.
Bakıda ümumdünya yol qəzaları qurbanlarının xatirəsi anılıb

Azərbaycan, Bakı, 19 noyabr /Trend, müxbir İ.İzzət/

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Ümumdünya Yol Qəzaları Qurbanlarının Xatirə Günü münasibətilə tədbir keçirilib.

Trend xəbər verir ki, tədbir Azərbaycanda yol qəzalarında həlak olan insanlarını xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra respublika yollarında insanların ölümü və xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisələrinin videogörüntülərindən ibarət "Gəlin təhlükəsizliyimizi bilikdə təmin edək!" şüarı altında film nümayiş etdirilib.

Azərbaycanda 2013-cü ilin 10 ayı ərzində 2426 yol-nəqliyyat hadisəsi baş verib. Hadisələr nəticəsində 971 nəfər ölüb, 2558 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bakıda isə ilin əvvəlindən bu günə qədər baş vermiş 870 yol-nəqliyyat hadisəsi nəticəsində 282 nəfər həlak olub, 891 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hüquqşünas Ərşad Hüseynov bildirib ki, Ümudünya Səhiyyə Təşkilatının (ÜST) hələ 2010-cu ildə açıqladığı məruzədə qeyd olunur ki, il ərzində 1,3 milyon insan yol qəzalarında həlak olur. Dünyada mövcud avtoparkın 70 faizi inkişaf etmiş ölkələrin payına düşsə də, yol qəzalarının cəmi 20 faizi bu ölkələrdə baş verir. Məsələn, İranda əhalinin hər 100 min nəfərindən 25 nəfəri yol qəzalarında ölürsə, Yaponiyada bu rəqəm 4, Skandinaviya ölkələrində isə cəmi 3 nəfər təşkil edir. Onun fikrincə, hökumət qaşısında təşəbbüs qaldırılmalı, Azərbaycanda yol-nəqliyyat hadisələrinin səbəbləri dərindən araşdırılmalı və təxirəsalınmaz tədbirlər görülməlidir.

Azərbaycanda baş verən ağır yol qəzalarının və bu zaman ölən insanların sayının artmasından narahatlığını bildirən Milli Məclisin üzvü Jalə Əliyeva isə qeyd edib ki, parlamentdə "Yol hərəkəti haqqında" Qanuna edilən son dəyişikliklərdən sonra bu sahədə müəyyən müsbət dəyişikliklər baş versə də, yetərli deyil. Onun fikrincə, bu məsələdə ilk növbədə maarifləndirməyə və yol qəzalarının sayının qarşısının alınması üçün profilaktik işlərin görülməsinə diqqət artırılmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti