...

AOK-un Baş Assambleyasında Bakı 2015 Avropa Oyunları ilə bağlı təqdimat olacaq

Cəmiyyət Materials 21 Noyabr 2013 10:32 (UTC +04:00)
Azərbaycan nümayəndə heyəti Avropa Olimpiya Komitəsinin (AOK) 42-ci Baş Assambleyasında iştirak edəcək.
AOK-un Baş Assambleyasında Bakı 2015 Avropa Oyunları ilə bağlı təqdimat olacaq

Azərbaycan, Bakı, 21 noyabr /Trend, müxbir İ.İzzət/

Azərbaycan nümayəndə heyəti Avropa Olimpiya Komitəsinin (AOK) 42-ci Baş Assambleyasında iştirak edəcək.

Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 22-23 noyabr tarixlərində İtaliyanın Roma şəhərində AOK-un 42-ci Baş Assambleyası keçiriləcək.

Assambleyada Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Azad Rəhimov, MOK-un Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Könül Nurullayeva, Bakı 2015 Avropa Oyunlarının Əməliyyat şirkətinin icraçı direktorunun müavini Jim Scherr, İdman şöbəsinin müdiri Pierce O'Callaghan, İdmançılara xidmət və əməliyyat şöbəsinin müdiri James Macleod, baş məsləhətçi Doug Arnot və digərləri iştirak edəcəklər.

Assambleya seçki xarakteri daşıyacaq. İki gün davam edəcək tədbirdə AOK-un prezidenti, vitse-prezidenti, baş katibi və İcraiyyə Komitəsinə seçkilər keçiriləcək.

Tədbir zamanı Avropanın kiçik dövlətlərinin iştirakı ilə keçirilən XV Oyunların hesabatı, Avropa Gənclərinin Olimpiya Festivallarının XI Qış və XII Yay buraxılışlarına dair yeniliklər, Soçi 2014 Qış Olimpiya Oyunları, Rio 2016 Yay Olimpiya Oyunları, Pyeonçang 2018 Qış Olimpiya Oyunları və 2020-ci ildə Tokioda keçiriləcək XXXII Yay Olimpiya Oyunları haqqında təqdimatlar ediləcək.

Qeyd edək ki, noyabrın 23-də Avropa Oyunları ilə bağlı AOK-un Əlaqələndirmə Komissiyasının rəhbəri Spiros Kapralos, onun müavini Zlatka Matesanın iştirakı ilə Bakı 2015 Avropa Oyunlarının Əməliyyat şirkətinin nümayəndələri tərəfindən təqdimatı olacaq. Gənclər və idman naziri Azad Rəhimov, MOK-un Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Könül Nurullayeva və Avropa Oyunlarının Əməliyyat şirkətinin icraçı direktorunun müavini Jim Scherr Bakı şəhərinin oyunlara son hazırlıq durumu ilə bağlı məruzə ilə çıxış etməklə yanaşı, Milli Olimpiya komitələrini maraqlandıran suallara cavab verəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti