...

ADMİU-da 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr edilmiş toplantı keçirilib

Cəmiyyət Materials 17 Yanvar 2014 15:07 (UTC +04:00)
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) 1990-cı il 20 Yanvar hadisələrinin 24-cü ildönümünə həsr edilmiş toplantı keçirilib.
ADMİU-da 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr edilmiş toplantı keçirilib

Azərbaycan, Bakı, 17 yanvar /Trend/

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) 1990-cı il 20 Yanvar hadisələrinin 24-cü ildönümünə həsr edilmiş toplantı keçirilib.

Trend-in məlumatına görə, tədbiri universitetin rektoru, professor Timuçin Əfəndiyev açaraq bildirib ki, 20 Yanvar hadisələri xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı təcavüz idi: "Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Mixail Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi. Lakin ona qarşı törədilən qanlı cinayətdən Azərbaycan xalqı öz qürurunu itirmədi, onun iradəsi qırılmadı. Qeyd etməliyəm ki, qan yaddaşımıza silinməz faciə kimi yazılmış 20 Yanvar eyni zamanda xalqımızın tarixində bir qəhrəmanlıq səhifəsidir. Bu qəhrəmanlıq sayəsində də Azərbaycan xalqı özünün yenilməzliyini, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etdi. Məhz bu əzmin, iradənin sayəsində xalqımız müqəddəs arzusuna çatdı, milli azadlığına qovuşdu. Azərbaycan müstəqil dövlət kimi dünya birliyinə daxil oldu".

Universitetin tədris işləri üzrə prorektoru, professor Rafiq Sadıqov qeyd edib ki, xalqımızın tarixində belə qanlı-qadalı anlar çox olub. Lakin XX əsrdə azərbaycanlıların başına gətirilən bu faciə heç vaxt yaddaşlardan silinməyəcək. 20 Yanvar Azərbaycan xalqının həm hüzn, həm də şərəf günüdür. Xalqımız bu faciədə həyatdan getmiş övladlarına matəm saxlamaqla bərabər, eyni zamanda, onların şəhidlik zirvəsinə baxaraq başını dik tutur, qəhrəman oğulları ilə fəxr edir.

Sönra söz tərbiyə və humanitar işləri üzrə prorektor, professor Gülşən Əliyeva-Kəngərliyə verildi. Ulu öndərin təşəbbüsü ilə bu qanlı faciəyə ilk dəfə siyasi-hüquqi qiymət verildiyini vurğulayan natiq bildirdi ki, xalqımızın ağır günündə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn dahi şəxsiyyət Heydər Əliyev qanlı terror aktının təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etmiş, cəsarətli və imperiya rəhbərliyini ifşaedici bir bəyanatla çıxış etmişdi. Bu bəyanatla Heydər Əliyev ilk olaraq 20 Yanvar faciəsinin əsl siyasi-hüquqi qiymətini vermişdi. Məhz o ağrılı günlərdə - 20 Yanvar günündə xalqının səsinə hər kəsdən əvvəl səs verən də Heydər Əliyev oldu: "Yəqin ki, hər kəsin xatirindədir, daha sonra ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 1990-cı il noyabr ayının 21-də Naxçıvan Ali Məclisi 20 yanvar tarixinin Milli Matəm Günü kimi qeyd olunması haqqında qərar qəbul etdi. Bu, əslində həmin hadisəyə rəsmi qaydada verilən hüquqi-siyasi qiymət idi. Nəhayət, 1994-cü il martın 29-da Milli Məclis tərəfindən "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında" adlı xüsusi qərar qəbul edildi. Beləliklə, ümummilli lider Heydər Əliyevin təkidi və təşəbbüsü sayəsində xalqımıza qarşı törədilən bu qanlı və qəddar aksiyaya siyasi-hüquqi qiymət verildi".

Tədbir ədəbi-bədii kompozisiya ilə davam etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti