...

Azərbaycanda ilk dəfə genetik modifikasiya olunmuş bitki toxumlarının əkilib-əkilmədiyi yoxlanılır

Cəmiyyət Materials 22 Yanvar 2014 12:45 (UTC +04:00)
Azərbaycanda ilk dəfə olaraq təsərrüfatlarda genetik modifikasiya olunmuş (GMO) bitki toxumlarından istifadə vəziyyətini yoxlamaq üçün müəyyən araşdırmalara başlanılıb.
Azərbaycanda ilk dəfə genetik modifikasiya olunmuş bitki toxumlarının əkilib-əkilmədiyi yoxlanılır

Azərbaycan, Bakı, 22 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda ilk dəfə olaraq təsərrüfatlarda genetik modifikasiya olunmuş (GMO) bitki toxumlarından istifadə vəziyyətini yoxlamaq üçün müəyyən araşdırmalara başlanılıb.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Genetik Ehtiyatlar İnstitutunun direktor müavini, Genetik Modifikasiya Olunmuş Bitkilər üzrə Ekspert Şurasının sədri, bologiya elmləri üzrə fəlsəfə doktoru Mehrac Abbasov Trend-ə bildirib ki, bu iş Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Kənd Təsərrüfat Nazirliyi və AMEA ilə birgə aparılır: "Hələlik ölkədə kütləvi şəkildə bitkilərin, xüsusilə toxum materiallarının yoxlanılması həyata keçirilməyib. Biz hələ bilmirik ki, ölkədə GMO bitkilər var, ya yoxdur. Ölkədə yayılmış GMO bitkilər haqqında hələ dəqiq məlumat yoxdur".

M.Abbasov qeyd edib ki, bu tədqiqatlar bitki toxumlarından nümunələr götürülməklə aparılır. Bu məqsədlə artıq ölkənin 3 bölgəsinə elmi ekspedisiyalar təşkil edilərək müəyyən maarifləndirici seminarlarlar keçirilib və az miqdarda analiz üçün nümunələr götürülüb. Bu il həmin nümunələrin analiz edilməsi və onların GMO toxumu olub-olmadığını üzə çıxarmaq planlaşdırılır.

Əsas nümunələr qarğıdalıdan, xüsusilə Quba-Qusar, Şəki-Zaqatala bölgəsindəki qarğıdalı toxumlarından götürülüb. Bir neçə nümunə də kartof toxumlarından götürülüb. Bundan əlavə, mütəxəssislər daha bir neçə bölgəyə səfər etməyi və oradan da nümunələr götürməyi nəzərdə tuturlar: "Bundan sonra hansı bölgədə əkilən bitki nümunələrində GMO-nun olub-olmadığını deyə biləcəyik. Bu analizlər olmadan bu barədə fikir söyləmək hələ mümkün deyil".

Alim qeyd edib ki, bu il bütün ölkəni əhatə edən nümunələrin götürülməsi nəzərdə tutulur. 2014-cü ilin oktyabr ayına kimi ölkədə GMO toxumu olan bitkilərin olub-olmadığı, olubsa, harda olması barədə fikir söylənilə bilər.

M.Abbasov hesab edir ki, dünyada ən çox yayılan GMO bitkilər qarğıdalı, soya, pambıq və bir çox tərəvəz bitkiləridir. Azərbaycandakı təsərrüfatlarda GMO toxumlardan istifadə ehtimalı çox azdır. Çünki Azərbaycanda GMO toxumları yaradılmır, tərəvəz bitkiləri üçün toxumlar isə əsasən Türkiyə və İrandan gətirilir. Həmin ölkələrdə də GMO toxumlarından istifadə qadağan edilib: "Buna görə də ehtimal edirik ki, Azərbaycandakı tərəvəzlərdə GMO olmaz, olsa da, çox az təsərrüfatlarda ola bilər. Bu da əvvəlki illərdə gətirilən toxumlardan ola bilər. Çünki fermerlərlə də söhbət etdikdə gördük ki, onlar daha çox yerli toxum materialına üstünlük verirlər".

M.Abbasov qeyd edib ki, bitki toxumlarının GMO olub-olmadığı institut tərəfindən ötən ilin sonunda hazırlanmış, genetik modifikasiya olunmuş bitkiləri müəyyən edən metodika əsasında aşkarlanacaq.

Alim qeyd edib ki, aparılan elmi araşdırmalar əsasında dünyada tətbiq edilən hansı metodikanın Azərbaycan üçün uyğun olduğu müəyyənləşib: "Dünyada bunun üçün metodikalar hazırlanıb. Biz onları modifikasiya edərək öz laboratoriyamıza uyğunlaşdırmışıq".

M.Abbasov bildirib ki, Azərbaycanda "Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında" qanun qəbul olunub. Mövcud qanunvericliik GMO aşkar edildiyi zaman hansı tədbirlərin görüldüyünü də müəyyən edir.

Onun sözlərinə görə, tədqiqat qrupu təsərrüfatlarda GMO-nun olduğunu aşkarlayarsa, onda bu barədə yazılı şəkildə Elmi-Texniki Şuraya məlumat verilir. Bu şura isə müvafiq nazirliklərə müraciət edir. Nazirliklər müvafiq araşdırma apardıqdan sonra GMO bitkilər məhv edilməlidir: "Biz bir fermerin müəyyən sahədə GMO toxumu ilə qarğıdalı əkdiyini aşkarlasaq, onda həmin ərazidəki məhsullar məhv edilməlidir. Ancaq biz bunun qarşısını almaq üçün əkindən əvvəl toxum nümunələrini götürürük və fermerlərlə iş aparırıq ki, bunun mənşəyi şübhəlidirsə, əkilməsin".

M.Abbasov deyib ki, bu il GMO toxumu olan bitkilərin əkilməsinin qarşısının alınması üçün daha geniş təbliğat işlərinin aparılması planlaşdırılır. O hesab edir ki, bu təbliğat işləri fermerlərin mənşəyi məlum olmayan əkin materialını səpməməsinə kömək edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti