...

Xəbərdarlıq: Azərbaycanda hava soyuyacaq, Bakıda bəzi yollar buz bağlayacaq (ƏLAVƏ OLUNUB-2)

Cəmiyyət Materials 27 Yanvar 2014 12:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti yaxın günlərdə gözlənilən hava şəraiti ilə əlaqədar xəbərdarlıq edib.

Departamentdən Trend-ə verilən məlumata görə, yanvar ayının son günlərində ölkə ərazisində arabir yağıntılı hava şəraitinin davam edəcəyi, yanvarın 28-29-da bəzi dağlıq və dağətəyi rayonlarda, yanvarın 30-31-də isə əksər rayonlarda qar yağacağı gözlənilir.

Yanvarın 28-29-da Bakıda və Abşeron yarımadasında havanın temperaturunun 2-4 dərəcə isti, yanvarın 30-da 0 dərəcəyə yaxın, yanvarın 31-də isə minimal temperaturun 2-4 dərəcə şaxta olacağı, şimal küləyinin arabir güclənəcəyi, bəzi ərazilərdə yolların buz bağlayacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daha sonra Trend-ə verilən məlumata görə, hazırda Rusiyanı çox soyuq Skandinaviya siklonu əhatə edir. Bu siklonun Azərbaycana doğru hərəkəti gözlənilir. Eyni zamanda, Türkiyə ərazisində çox dərin siklon müşahidə edilir. Bu iki siklonun qarşlılıqlı əlaqəsi nəticəsində ölkə ərazisində hava şəraiti kəskinləşəcək.

Yanvarın son günlərində havanın temperaturu gündən-günə enəcək. Gözlənilən hava şəraiti ilə əlaqədar hər gün yeni məlumatlar təqdim ediləcək. Hava dəyişməsi nəticəsində gözlənilən temperatur iqlim normasından aşağı olacaq və anomal hesab edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, yanvarın 28-də Bakıda və Abşeron yarımadasında gecə və səhər saatlarında duman, çiskin müşahidə ediləcək, hava gün ərzində arabir yağıntılı olacaq. Şimal küləyi gecəyə doğru arabir güclənəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 2-4, gündüz 4-7 dərəcə isti olacaq.

Yanvarın 28-də Azərbaycanın rayonlarında hava arabir yağıntılı olacaq, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 0-5, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 5-8, bəzi yerlərdə 10-12, yüksək dağlıq ərazilərdə isə 13-18 dərəcə şaxta, gündüz 0-4 dərəcə şaxta gözlənilir.

Yanvarın son günlərində gözlənilən yağıntılı, küləkli hava şəraiti, temperaturun günü-gündən enməsi meteohəssas insanlar üçün əlverişsiz olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti