...

Dövlət Komitəsi Azərbaycanda 3 uşaqlı 15 yaşlı qadınların olmasına münasibət bildirib

Cəmiyyət Materials 7 Fevral 2014 15:09 (UTC +04:00)
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycanda 15-17 yaş arasında olan qadınlar arasında 3 uşaqlı anaların olmasına münasibət bildirib.
Dövlət Komitəsi Azərbaycanda 3 uşaqlı 15 yaşlı qadınların olmasına münasibət bildirib

Azərbaycan, Bakı, 7 fevral /Trend, müxbir İ.İsabalayeva/

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycanda 15-17 yaş arasında olan qadınlar arasında 3 uşaqlı anaların olmasına münasibət bildirib.

Komitənin sədr müavini Aynur Sofiyeva Trend-ə açıqlamasında belə halların olmasına təəssüf etdiyini söyləyib: "Təəssüf ki, belə faktlar var. 15-17 yaşlı qadınların artıq bir neçə dəfə ana olması dəhşətli faktdır. Bu yaşda qızların ana olması faktının özü, onların 3236 uşaq dünyaya gətirməsi bizi narahat edir. Ona görə də çalışırq ki, komitə olaraq, bu istiqamətdə əsaslı işlər görək. Hansısa tədbirlərin keçirilməsi ilə kifayətlənməyib müəyyən araşdırmalar aparırıq".

Uşaq dünyaya gətirən 15-17 yaşlı qadınlarla bağlı komitə tərəfindən ayrıca araşdırmanın aparılmadığını deyən A.Sofiyeva əlavə edib ki, bu gün erkən nikah problemi yalnız hansısa region üzrə müşahidə edilmir, bu problem bütün Azərbaycanı əhatə edir.

Komitə rəsmisi bildirib ki, erkən nikahların qarşısını almaq məqsədilə qanunvericiliyə çox mühüm dəyişikliklər edilib. Ölkədə nikah yaşı qaldırılıb, Cinayət Məcəlləsinə qızını erkən yaşda nikaha cəlb edən valideynlərin 3 ildən 4 ilə qədər cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı maddə əlavə edilib: "Təəssüflər olsun ki, qanunvericilikdə bu qədər məsələlərin olmasına baxmayaraq, hələ də erkən nikahların baş verməsi halları ilə qarşılaşırıq. Erkən nikahlar rəsmi olaraq qeydə alınmadığı üçün ailələr bununla bağlı öz aralarında razılığa gəlirlər. Buna görə də hansısa ucqar kənddə, yaxud şəhərin özündə belə hadisə baş verirsə, bundan məlumatımız olmur. Bu səbəbdən çox vacibdir ki, bütün cəmiyyət bu məsələni diqqətdə saxlasın".

A.Sofiyeva deyib ki, bu gün komitə bu problemlərdən çıxış yolları axtarmaq, bu məsələlərə hansı formada nəzarətin mümkünlüyünü müzakirə etmək üçün belə halların daha çox olduğu bölgələrdə müvafiq qurumlarla, xüsusilə də ağsaqqallarla, din xadimləri ilə görüşlər keçirməyə çalışır.

Ancaq bununla belə, komitənin sədr müavini hesab edir ki, problemin həllinə kompleks şəkildə yanaşmaq lazımdır. Çünki erkən nikaha girən qız məktəbdə təhsildən də yayınır. Buna görə də bu istqamətdə işləri gücləndirmək lazımdır.

A.Sofiyevanın fikrincə, erkən nikahların aradan qaldırılmasına yerli insanlarla daha yaxından təmasda olan bələdiyyələr, icra nümayəndəlikləri də çox güclü dəstək verə bilərlər. Belə halların olmaması üçün bu məsələdə icra nümayəndəlikləri və bələdiyyələrin rolu daha da gücləndirilməlidir: "Hansısa xeyir işə hazırlaşılanda, şər olanda bunu kənddə hamı bilir. Əlbəttə ki, bələdiyyə rəhbəri, kənd nümayəndəsi kəndə rəhbərlik edirsə, bu məsələdən onlar da məlumatlı olmalıdır və olur da. Ona görə də bu məsələlərə daha diqqətli yanaşmaq lazımdır".

Qeyd edək ki, Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, Azərbaycanda 2012-ci ildə (2013-cü ilin statistik məlumatları hələ açıqlanmayıb) 15-17 yaş arasında olan qadınlar tərəfindən 3236 uşaq dünyaya gətirib. Doğumun ardıcıllığı üzrə 15-17 yaş arasında olan analar tərəfindən 15 uşaq ailənin 3-cü övladı kimi dünyaya gəlib. 278 uşaq isə 15-17 yaş arasında olan qadınların ikinci övladı kimi dünyaya gəlib. 15-17 yaş arasında olan qadınlar tərəfindən doğulan uşaqların 67 faizi - 2169-u kəndlərdə doğulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti