...

Azərbaycanda müstəqillik dövründə qeyri-rəsmi nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 5,6 dəfə artıb

Cəmiyyət Materials 12 Fevral 2014 14:35 (UTC +04:00)
Azərbaycanda rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı artıb.
Azərbaycanda müstəqillik dövründə qeyri-rəsmi nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 5,6 dəfə artıb

Azərbaycan, Bakı, 12 fevral /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı artıb.

Trend Dövlət Statistika Komitəsininin məlumatlarına istinadən bildirir ki, 1990-cı ildə ölkə üzrə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı həmin il ərzində doğulan bütün uşaqların 2,6 faizini (4800 uşaq) təşkil etdiyi halda, 2012-ci ildə (2013-cü il üzrə statistik məlumatlar hələ hazır deyil) belə uşaqların sayı ölkədə doğulan bütün uşaqların 15,5 faizini təşkil edib və onların sayı 27 031-ə çatıb. Bu göstərici isə 1990-cı illə müqayisədə 5,6 dəfə çoxdur.

2012-ci ildə Cəlilabadda rəsmi nikahda olmayan qadınlar tərəfindən doğulan uşaqlar həmin rayonda doğulan bütün uşaqların 49,2 faizini, Ağstafada 29,8 faizini, Masallıda 29,6 faizini, Goranboyda 27,2 faizini, Qazaxda 25,4 faizini, Gəncədə 15,2 faizini təşkil edib.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun Azərbaycan əhalisi və sosial inkişafı coğrafiyası şöbəsinin elmi işçisi Etibar Bədəlov Trend-ə deyib ki, müstəqillik dövründə millli adət-ənənələrimizin xeyli zəifləməsi nəticəsində rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı və belə uşaqların doğulan bütün uşaqlar arasında payının artması cəmiyyətin ən böyük probleminə çevrilib. 1990-cı ildə belə doğulanların sayı Bakıda 1762 nəfər (həmin il ərzində ümumi doğulan uşaqların 5,1 faizi), Sumqayıtda 329 nəfər (ümumi doğulanların 5,1 faizi), Abşeron rayonunda 29 nəfər (ümumi doğulanların 1,4 faizi) olduğu halda, 2012-ci ildə Bakıda bu göstəricilər 4545 nəfər (12,1 faiz), Sumqayıtda 620 nəfər (8,4 faiz), Abşeron rayonunda 310 nəfərə (12 faiz) kimi artıb.

E.Bədəlov deyib ki, Azərbaycanda rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 2004-cü ildən sonra artmağa başlayıb. 2004-cü ildə ölkə üzrə və Abşeron iqtisadi rayonunda (Bakı, Sumqayıt şəhərləri, Abşeron, Xızı rayonları) bu qrupa aid doğulan uşaqların sayı 2 dəfə və daha çox artıb. Sumqayıt şəhəri və Abşeron rayonunda isə bu artım hətta 3 dəfədən çox olub.

Mütəxəssis maraqlı hal kimi bunu da qeyd edib ki, məhz həmin ildə doğumun nisbi əmsalı ölkədə 2,1 vahid, Bakıda 1,8 vahid, Sumqayıtda 2,2 vahid, Abşeron rayonunda 2 vahid artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti