...

QHT-lər Ovçular Cəmiyyətini qanunları pozmaqda günahlandırır

Cəmiyyət Materials 26 Fevral 2014 13:55 (UTC +04:00)
Qeyri-hökumət təşkilatları da Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti”ni qanunları pozmaqda və saxta təbliğat aparmaqda günahlandırır.
QHT-lər Ovçular Cəmiyyətini qanunları pozmaqda günahlandırır

Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir İ.İsabalayeva/

Qeyri-hökumət təşkilatları da Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyətini qanunları pozmaqda və saxta təbliğat aparmaqda günahlandırır.

Trend-in məlumatına görə, Heyvanların Mühafizə Cəmiyyətinin sədri Azər Qarayev jurnalistlərə açıqlamasında "Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti" İctimai Birliyinin "Ovçuluq haqqında" qanunun müddəalarına əməl etmədiyini və guya, ovçuların maraqlarını müdafiə etmək adıyla itaətsizliyə çağıran saxta təbliğatla məşğul olduğunu təsdiqləyib.

Onun sözlərinə görə, adıçəkilən ictimai birliyin rəhbərliyi Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 16 fevral tarixli Sərəncamı ilə yaradılmış Dövlət Komissiyasının quş ovuna qoyulmuş qadağa ilə bağlı qərarına məhəl qoymur. Əksinə, öz maliyyə maraqları naminə pozucu kampaniyalar təşkil edir: "İndiyədək saxta ovçuluq biletləri satmaqla, adamlardan üzvlük haqqı yığmaqla özünə maddiyyət quran Cəmiyyət rəhbərliyi qanunlara tabe olması ilə gəlirlərinin yoxa çıxacağını anlayır. Bilir ki, "Azərovçu"nun qanunla bu sahədə heç bir səlahiyyətinin olmadığını başa düşən cəmiyyət üzvləri verdiklərinin müqabilində artıq ondan hesab sormağa başlayacaq. Ona görə də "Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti" İctimai Birliyinin rəhbəri vaxtaşırı gündəmə gəlir, itaətsizliyə çağıran bəyanatlar verərək dövlət orqanlarına qarşı qarayaxma kampaniyası aparır. Hesab edirəm ki, elmi-metodiki təhlillərdən, ölkə ərazisində biomüxtəlifliyin inkişaf dinamikasından xəbərdar olmadan təhrikedici bəyanatlar yaymaqla bu qurumun rəhbəri həm Azərbaycan vətəndaşlarının sağlamlıq təhlükəsizliyinə, həm də Azərbaycan təbiətinin nadir faunasına açıq-açığına təhdid yaradır. Mən və artıq ictimaiyyət də başa düşür ki, istirahət, əyləncə adıyla, insanlarımızın sağlamlığı, hətta nəsli tükənməkdə olan quş növləri bahasına belə pozucu kampaniya aparanlar yalnız öz şəxsi maraqlarının təmin olunması məqsədini güdürlər.

Qətiyyətlə deyə bilərəm ki, "Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti" İctimai Birliyinin rəhbərliyi neçə müddətdir Azərbaycan faunası üzərindəki təhlükəni heç bir qanuna məhəl qoymadan daha da təhlükəli həddə çatdırır".

A.Qarayev deyib ki, Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutunda "Xəzər dənizinin Azərbaycan sahillərində nadir, nəsli kəsilməkdə olan quşların müasir vəziyyətinin öyrənilməsi və qorunmasının elmi əsaslarının hazırlanması" mövzusunda alimlərin apardığı tədqiqatlar da bunu bir daha sübüt edir. Belə ki, aparılan araşdırmalar nəticəsində məlum olub ki, Xəzər dənizinin Azərbaycan sahillərində Qara leylək, Qafqaz və Talış qırqovullarının nəsli kəsilmək üzrədir, 23 növ isə antropogen təsir səbəbindən azalıb və təhlükəyə yaxındır: "Onsuz da təbiətimiz unikal və həssasdır. Ona görə də bu gözəl və nadir təbiət incilərini 20 minlik ovçu ordusunun şəxsi ambisiyalarına qurban vermək olmaz. Düşünürəm ki, ovçuların "istirahət", "əyləncə" kimi bəhanələrlə faunamıza vurduqları ziyanın qarşısının alınması üçün daha ciddi tədbirlər görülməlidir. Əks halda faunamız ovçular cəmiyyəti rəhbərinin şəxsi maraqlarına qurban gedəcək".

Ekoloji Proqnozlaşdırma Mərkəzinin prezidenti Telman Zeynalov da "Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti" İctimai Birliyinin rəhbərini qanunsuz hərəkətlərinə görə haqsız sayır: "Bildiyimə görə, 2004-cü ildə qəbul olunan "Ovçuluq haqqında" qanunda Azərbaycan ərazisində ovçuluğun təşkili, ovçuluq fəaliyyətinin tənzimlənməsi və ovçuluq təsərrüfatlarının idarə olunması kimi mühüm məsələlər öz əksini tapıb. "Azərovçu"nun rəhbərliyi əslində bu qanundakı müddəalara əsaslanaraq ölkədə faunanın qorunmasına dəstək vermək əvəzinə, səlahiyyətlərini aşaraq qanunsuz fəaliyyətlə məşğul olur. Məncə, ovçuluqla bağlı dövlətin müəyyən etdiyi siyasətin əleyhinə çıxmaq ciddi qanunsuzluqdur və bu cür hərəkətlərə yol verən şəxslər qanun qarşısında cavab verməlidirlər".

T.Zeynalov deyib ki, əslində, "Ovçuluq haqqında" qanuna görə, vətəndaşlar ovçuluq bileti almaq üçün imtahan verməli, lazımi biliklərə yiyələnmək üçün seminar-treninq keçməli, daha sonra bilet almalıdırlar. "Azərovçu"da isə bu şərtlərin heç birinə əməl olunmur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti