...

Azərbaycanda pedaqoji ixtisaslar üzrə tələbə qəbulu aparacaq ali məktəblərin sayı azaldılıb

Cəmiyyət Materials 1 May 2014 12:38 (UTC +04:00)
2014-2015-ci tədris ili üçün Azərbaycanda pedaqoji ixtisaslar üzrə tələbə qəbulu aparacaq ali məktəblərin sayı azaldılıb.
Azərbaycanda pedaqoji ixtisaslar üzrə tələbə qəbulu aparacaq ali məktəblərin sayı azaldılıb

Azərbaycan, Bakı, 1 may /Trend, müxbir İ.İsabalayeva/

2014-2015-ci tədris ili üçün Azərbaycanda pedaqoji ixtisaslar üzrə tələbə qəbulu aparacaq ali məktəblərin sayı azaldılıb.

Trend-in məlumatına görə, Təhsil Nazirliyinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov bu gün keçirilən mətbuat konfransında bildirib ki, Azərbaycan İctimai Siyasi Universiteti və Azərbaycan Müəllimlər İnstitutunun 4 filialında həm əyani, həm də qiyabi təhsil forması üzrə pedaqoji ixtisaslara qəbul aparılmayacaq. Bu ixtisaslara qəbul aparmaq yalnız özəl ali məktəblərdən 3-nə - Xəzər, Qafqaz və Bakı Qızlar universitetlərinə icazə verilib.

C.Valehov qeyd edib ki, Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrinə 2014-2015-ci tədris ili üçün qəbul planı builki tədris ilinin qəbul planına nisbətən 12,9% artırılıb. Qiyabi təhsil forması üzrə qəbul planı isə 2 dəfədən çox azaldılıb. Özəl ali təhsil müəssisələrinin hamısında qiyabi təhsil formasına qəbul dayandırılıb. Qiyabi plan yerlərinin hesabına əyani tələbə qəbulu planı artırılıb.

Növbəti tədris ili üçün təhsil, texniki və texnoloji, eləcə də kənd təsərrüfatı ixtisaslarına dövlət sifarişli yerlər artırılıb. Kənd təsərrüfatı ixtisasları qrupuna daxil olan ixtisaslara qəbul yalnız dövlət sifarişinə uyğun olaraq aparılacaq.

Nazirlik rəsmisi əlavə edib ki, növbəti tədris ili üçün ali təhsil müəssisələrinin magistratura pilləsinə qiyabi təhsil formasına qəbul nəzərdə tutulmayıb. Gələn il bakalavr buraxılışı olmayan ixtisasların magistraturasına qəbul aparılmayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti