Azərbaycan, Bakı, 2 may /Trend/
Oğuzun kəndlərində son vaxtlar canavarların hücumu intensivləşib.
Trend Kanal S-ə istinadən xəbər verir ki, iki gün öncə rayonun Qumlaq və Tayıplı kəndlərinə girən yırtıcılar heyvanları parçalayıb. Gecə saat 3-4 radələrində Qumlaq kəndində canavarlar 3 baş uzunqulağı parçalayıb. Tayıplıda isə 2 baş iribuynuzlu heyvan canavar hücumuna məruz qalıb.
Hadisə kəndlərdə böyük təşvişə səbəb olub. Sakinlər hadisənin təkrarlana biləcəyindən narahatdırlar. Tədbirlər görülməyəcəyi təqdirdə daha ağır nəticələrin ola biləcəyi qaçılmazdır.
Qumlaqda canavarların hücum etdiyi ərazinin yaxınlığında məktəb yerləşdiyini nəzərə alsaq, vəziyyətin ciddiliyi aydın olar. Artıq rayon rəhbərliyi və rayon Baytarlıq İdarəsi məsələ ilə bağlı məlumatlandırılıb.
İlkin məlumatlara görə, Oğuz rayon İcra Hakimiyyəti rayon Baytarlıq İdarəsi ilə birlikdə yırtıcılara qarşı profilaktik tədbirlər görməyə başlayıb.