...

Təhsil Nazirliyi internat şagirdinin döyülməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirdi

Cəmiyyət Materials 21 May 2014 12:51 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi Sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 nömrəli xüsusi internat məktəbində II sinif şagirdi Nahid Cavadovun müəllim tərəfindən döyülməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Təhsil Nazirliyi internat şagirdinin döyülməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirdi

Azərbaycan, Bakı, 21 may /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi Sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 nömrəli xüsusi internat məktəbində II sinif şagirdi Nahid Cavadovun müəllim tərəfindən döyülməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Trend nazirliyin rəsmi saytına istinadən bildirir ki, mayın 20-də günorta saatlarında kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Suraxanı rayonunda yerləşən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 nömrəli xüsusi internat məktəbində II sinif şagirdi N.Cavadovun (KİV-də adı Mahir kimi verilib) müəllim tərəfindən dəyənəklə döyülməsi barədə məlumatlar yayılıb.

Məsələ ilə bağlı Təhsil Nazirliyi tərəfindən yerində aparılmış araşdırma nəticəsində yayılan informasiyanın həqiqətə uyğun olmadığı və baş vermiş hadisənin təhrif olunduğu müəyyən edilib.

Belə ki, may ayının 16-da saat 17:00 radələrində II sinif şagirdi, 2006-cı il təvəllüdlü N.Cavadov internat məktəbinin sanitar qovşağında sürüşərək yıxılıb və alın nahiyəsindən zədə alıb. X sinif şagirdi onu yerdən qaldıraraq tərbiyəçinin yanına aparıb və uşağa ilkin yardım göstərilib. Aldığı zədə nəticəsində səhəri gün onun gözlərinin altı qaralıb.

Təhsil Nazirliyinin əməkdaşları ilə söhbət zamanı N.Cavadov yıxıldığını təsdiqləyib. Şagird bildirib ki, ona qarşı heç bir fiziki təzyiq halı baş verməyib. Şagird eyni sözləri dünən internat məktəbinə gəlmiş MTN və DİN-in əməkdaşlarına da söyləyib.

Beləliklə, uşağın zədə alması hadisəsində 7 nömrəli xüsusi internat məktəbinin müəllim-tərbiyəçi heyətinin təqsirinin olması təsdiqlənməyib. Eyni nəticəyə müstəqil olaraq təhqiqatı aparan Daxili İşlər Nazirliyinin Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları da gəliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti