Azərbaycan, Bakı, 6 iyun /Trend, müxbir İ.İzzət/
Azərbaycanda din xadimləri üçün vahid geyim formasının tikilməsinə başlanılıb. Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.
Onun sözlərinə görə, din xadimləri üçün vahid geyim formasının ilk nümunələrinin QMİ nəzdində keçirilən din xadimləri üçün təkmilləşdirmə kurslarının ilk məzunlarına verilməsi nəzərdə tutulurdu: "Biz birinci dəfə üçün çatdıra bilmədik. Bu, xüsusi geyim növü olduğu üçün onun tikilməsi bir az çətin başa gəlir. Bu geyimləri tikən şəxsin tapılması bir az çətinlik yaradırdı. Dünəndən bu geyimləri kimin tikəcəyini müəyyən etmişik. Artıq bu işə başlanılıb və kursun bütün müdavimlərinə bu geyim təqdim olunacaq. Bu da bir yenilikdir. Hesab edirəm ki, bu, dinin müasir formada təbliğinə öz təsirini göstərəcək".
Kursun keçirilməsinin əsas məqsədini açıqlayan QMİ sədri qeyd edib ki, din xadimləri də dövlət və ictimaiyyətlə birgə radikal qüvvələrə qarşı mübarizə aparmalıdırlar.
Qeyd edək ki, QMİ nəzdində din xadimləri üçün keçirilən təkmilləşdirmə kursu bir ay davam edib. Azərbaycanda ilk dəfə keçirilən bu kursda 50 din xadimi iştirak edib.
QMİ sədrinin sözlərinə görə, artıq növbəti həftənin ilk günündən etibarən növbəti - 2-ci kursun keçirilməsinə başlanacaq.